Deputat: "Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Milli Məclisin deputatı Cavanşir Feyziyev görüşdən gözləntiləri barədə Patrulaz.az-a fikirlərini bölüşüb:
“Azərbaycan və Ermənistan arasında birbaşa görüşlərin keçirilməsi çox faydalı təşəbbüsdür. İkitərəfli əsasda vasitəçi olmadan keçirilən hər bir görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ortaq mövqeyin tapılmasını asanlaşdırır. Bildiyiniz kimi, imzalanması nəzərdə tutulan sülh müqaviləsinin bütün bəndləri artıq tərəflər arasında razılaşdırılıb. Onun imzalanması ilə bağlı şərtlər və zaman məsələləri isə hələlik açıq qalır və məhz bu məsələlər növbəti görüşün müzakirə mövzusu ola bilər”.
Millət vəkili bildirib ki, ümumiyyətlə tərəflər arasında müzakirə olunmalı məsələlər kifayət qədər çoxdur:
“Düşünürəm ki, Ermənistan- Türkiyə, Ermənistan-Rusiya və eləcə də Azərbaycan – Rusiya münasibətləri və bu münasibətlərin fonunda Cənubi Qafqaz ölkələrində daxili ictimai- siyasi vəziyyət də bu görüşdə nəzərdən keçirilə bilər. Dünyada və bölgəmizdə baş verən son hadisələrin fonunda bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıla bilər. Sərhədlərin delimitasiyası, nəqliyyat- logistika marşrutlarının açılması da hər iki ölkənin güdəliyində duran əsas məsələlərdir və hər halda bu mövzular da müzakirədən kənarda qalmayacaq”.
Ləman Sərraf