F1-də təcavüz qalmaqalı gündəmi sarsdı
Formula 1-in ən tanınmış komanda rəhbərlərindən biri olan Kristian Horner Red Bull-da keçirdiyi 20 illik karyerasından sonra gözlənilmədən vəzifəsindən uzaqlaşdırılıb.
Patrulaz.az xarici mətbuata istinadən xər verir ki, 2005-ci ildən etibarən Red Bull komandasının rəhbəri olan Horner Formula 1 tarixində ən uzun müddət bu vəzifədə qalan şəxs kimi tanınırdı. Lakin ötən il bir qadın işçiyə göndərdiyi uyğun olmayan mesajlarla (sexting qalmaqalı) bağlı gündəmə gəlmişdi. Hər nə qədər iki fərqli daxili araşdırmada təqsirsiz sayılsa da, komanda daxilində yaranan narazılıq və nəticələrdəki eniş onun ayrılığını qaçılmaz etdi.
Red Bull-un rəsmi açıqlamasında bildirilir: ”Kristian Red Bull Racing komandasını bu gün olduğu səviyyəyə gətirən vizyon sahibi bir lider idi. 20 il ərzində etdiyi töhfələr üçün ona təşəkkür edirik. O, daim komanda tariximizin bir hissəsi olaraq qalacaq”.
Hornerin yerinə Loran Mekies təyin olunub. Yeni komanda rəhbəri kimi ilk yarışına 27 iyulda keçiriləcək Belçika Qran Prisində çıxacaq.
Vəzifədən uzaqlaşdırmanın digər əsas səbəblərindən biri də Maks Ferstappenin atası Yos Ferstappenlə Horner arasında uzun müddətdir davam edən gərginlik olub. Yos dəfələrlə Horneri “komandanı parçalayan şəxs” adlandırmış və onun getməsinin zəruri olduğunu bildirmişdi. Son olaraq Silverstone Qran Prisində onların açıq şəkildə mübahisə etdiyi kameralar tərəfindən qeydə alınmışdı.
Ləman Sərraf