media-02

Hər bir ölkənin ərazisi, ordusu, xalqı olduğu kimi, onu təmsil edən rəhbər şəxsi də olur. Daha çox bu şəxs “Prezident” adlanır və bütün dövlətin taleyi onun əlində cəmlənir. “Prezident” kəlməsi ilk dəfə 1787-ci ildə ABŞ Konstitusiyasında tətbiq edilib. Daha sonra bu ad dünyanın əksər ölkələrində qəbul edilərək digər dövlət başçılarına da verilməyə başlandı.

“Prezident” sözü latın mənşəlidir. “Praesidens”,  yəni “önündə oturan”, “idarə edən” anlamını verir. Bu anlayış yaranmazdan əvvəl isə Avropa və Şərq ölkələrində dövlət başçıları fərqli adlarla tanınırdı: “Padşah”, “Kral”, “Şah”, “Çar”, “Sultan”… Siyasi quruluşlar dəyişdikcə, bu titulların çoxu tarixə qovuşdu. Dünya dəyişdi, sərhədlər yenidən çəkildi, xalqlar bir-birinə yaxınlaşdı, siyasətlər inteqrasiya olundu… Beləliklə, “Prezident” anlayışı qlobal standart halını aldı. Amma təbii ki, istisnalar da var.

Patrulaz.az-ın araşdırmasına görə, hazırda dünyada təxminən 20-25 ölkədə prezident yoxdur. Ona görə ki, bu ölkələrdə dövlət başçısı ya monarxdır, yəni kral, şahzadə, imperator, ya da dövlət kollektiv rəhbərlik sistemi ilə idarə olunur.

Belə ölkələrdən biri də dünyaya demokratiya dərsi keçmiş, siyasətdə dərin izlər buraxmış İngiltərədir.

İngiltərədə niyə prezidentə ehtiyac duyulmur?

İngiltərədə prezident yoxdur. Çünki bu ölkə rəsmi olaraq Birləşmiş Krallığın bir hissəsidir və dövlət başçısı kimi monarx idarəçilik edir. İngiltərədə hazırda bu vəzifəni Kral III Çarlz yerinə yetirir. O, yalnız İngiltərənin deyil, eyni zamanda Şotlandiya, Uels və Şimali İrlandiyanın da başçısıdır. İngiltərə konstitusiyalı monarxiya ilə idarə olunur. Yəni, kral dövlətin rəsmi başçısı olsa da, ölkəni idarə etmir. Ona görə ki, bütün əsas siyasi qərarları parlament və hökumət verir. Monarx isə daha çox rəmzi və mərasim xarakterli vəzifələr yerinə yetirir. Dövlətin gündəlik idarəçiliyi Baş nazirin səlahiyyətindədir. Hazırda bu vəzifəni Rişi Sunak icra edir. O, həm daxili, həm də xarici siyasətə rəhbərlik edir və hökumət başçısı kimi əsas qərarların qəbuluna cavabdehdir.

İngiltərədə prezident institutu mövcud deyil. Amma idarəetmə sistemi sabit, dəqiq və işləkdir.

media-74206-suud-hanedani-ingiltere-kralligi-ni-mal-varliginda-geride-birakti-5eb40db5bdf44

Bəs maraqlıdır ki, bu ölkədə prezidentsiz demokratiya mümkündürmü?

İngiltərə sübut edir ki, prezident olmadan da güclü və ədalətli idarəetmə qurmaq mümkündür. Burada əsas güc qanunlara, parlamentə və demokratik institutlara əsaslanır. Bu ölkənin nümunəsində görünür ki, demokratiyanın dayanıqlılığı təkcə rəhbərin titulunda deyil, sistemin özündədir. Tarix boyu İngiltərə dünyanın ən qədim monarxiyalardan biri olub. Min ildən artıqdır ki, bu ölkədə taxt-tac monarx ailəsinin nəzarətindədir. Kral və ya kraliça ölkənin birliyinin, sabitliyinin və simvolik gücünün təmsilçisidir. Əgər İngiltərə prezident sisteminə keçsəydi, bu, təkcə idarəetmə mexanizminin yox, eyni zamanda milli simvolların və tarixi kimliyin dəyişməsi demək olardı. Lakin bu günə qədər nə xalq, nə də siyasət bu dəyişikliyə ehtiyac görməyib.

Bu ölkədə kral ailəsi həm də mədəniyyətin, turizmin və beynəlxalq marağın daşıyıcısıdır. Bakinqam sarayı, kral toyları və tacqoymalar sadəcə bir ölkənin deyil,  dünyanın diqqətini cəlb edir. Bu baxımdan kral ailəsi İngiltərə üçün təkcə idarəetməni deyil, həm də beynəlxalq nüfuzu və ictimai rəyi formalaşdıran vasitədir.

Ən önəmlisi isə budur ki, monarx siyasətə qarışmır, heç bir partiyanın tərəfdaşı deyil. Beləliklə, xalqın birliyini və bitərəfliyini təmsil edir. Əgər prezident olsaydı, ya seçki ilə gələcəkdi, ya da hansısa siyasi partiyanın nümayəndəsi olacaqdı…bu isə mümkün qütbləşməni artıracaqdı.

Bəli, İngiltərənin prezidenti yoxdur. Amma onun yerində səssiz, işlək bir mexanizm var. İngiltərə demokratiyanın yalnız “Prezident” adı ilə ölçülmədiyini göstərir. Burada sistemi güclü edən adlar deyil, qanunlar, balans və xalqın etimadıdır!

media-1200x675_cmsv2_cdfe0361-9fd7-5d9e-8a3a-166ba6df43e8-4121226

Gülbəniz Səfərova


Bənzər xəbərlər