Dünya neft bazarında kritik vəziyyət: Tankerlər dayanır, qiymətlər rekord həddə yaxınlaşır
“Brent” markalı xam neft qlobal bazarlarda 100 dollar səviyyəsindən yuxarı qalmaqda davam edir.
Patrul.az xəbər verir ki, Qırmızı dənizdə enerji daşınması ilə bağlı artan risklər və İranla gərginliyin pik həddə çatması fonunda “Brent” fyuçersləri daha 0,37 % artaraq 101,06 dollara yüksəlib.
Qeyd edək ki, qiymətlər əvvəlki sessiyada da 7 % kəskin artım nümayiş etdirərək ötən ilin may ayından bəri ilk dəfə 100 dollar psixoloji həddini aşmışdı. Ekspertlərin fikrincə, neftin bu həftəni ümumilikdə 14,6 % qazancla başa vuracağı gözlənilir.
Analitiklər artımın əsas səbəbi kimi Hörmüz boğazından neft axınının demək olar ki, tamamilə dayanmasını göstərirlər. Hazırda Səudiyyə Ərəbistanının Qırmızı dəniz marşrutu da ciddi təhlükə altındadır. Son məlumatlara görə, strateji əhəmiyyətli Hörmüz boğazından keçən tankerlərin sayı cəmi birə düşüb ki, bu da ötən ilin 7 may tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Körfəz bölgəsindəki gərginliyin genişmiqyaslı münaqişəyə çevrilməsi dünya neft tədarükünün böyük hissəsini tamamilə dayandıra bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, boğazların blokadada qalması neftin qiymətini uzun müddət 100 dollardan yuxarı saxlayacaq və bazarda yeni rekordlara yol açacaq.






