Elektrik kəsintisi səbəbilə metronun fəaliyyəti dayandırıldı
Çexiyada baş verən genişmiqyaslı elektrik kəsintisi ölkənin 14 bölgəsindən 5-ni əhatə edib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən ən çox təsirlənən bölgələrdən biri də paytaxt Praqa olub. Məlumata görə, elektrik enerjisinin kəsilməsi səbəbindən şəhərin metro xətləri təxminən yarım saat müddətində fəaliyyətini dayandırıb.
Çexiya polisi sosial şəbəkələrdə yaydığı açıqlamada, baş verən hadisənin arxasında “kiber hücum və ya terror aktı” olduğuna dair hər hansı bir sübutun olmadığını bildirib.
Çexiya Respublikasının Nəqliyyat naziri Martin Kupka şəxsi “X” hesabında paylaşdığı məlumatda, 14 inzibati bölgədən 5-nin elektrik kəsintisindən zərər gördüyünü, Praqada metronun üç xəttinin işləmədiyini və bəzi dəmir yolu xətlərində də qatarların hərəkətinin dayandığını qeyd edib.
Baş nazir Petr Fiala isə ölkənin fövqəladə vəziyyətlə qarşı-qarşıya qaldığını vurğulayaraq, enerji təchizatının tam bərpası üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Hazırda texniki xidmətlər və enerji mütəxəssisləri problemin aradan qaldırılması üçün səfərbər olunub.
Ləman Sərraf