“Falçılar” və “cadugərlər” “TikTok”da açıq-aşkar “at oynadır” - VİDEO
Hər kəsin fərqli yanaşdığı falçılar və cadugərlər haqqında nə demək olar?
Kimiləri onlara inanır, kimiləri isə onlardan uzaq durur. Bir vaxtlar qorxaraq hərəkət edən və gizli fəaliyyət göstərən bu işbilmişlər indi açıq-aşkar canlı yayım açır və fəaliyyətlərini elan edirlər.
Hətta bəziləri bunu biznesə çevirib, canlı yayımda hesabına ödəniş alaraq, dərhal orada baxım edir.
Kənardan çox gülünc və cahilcə görünən bu əməllərə niyə belə tələbat var?
Hələ bu falçıların açıq-aşkar etdikləri caduların növlərini belə saymaq olar. Bəziləri ailə dağıdır, bəziləri evləndirir, bəziləri peşman edir, bəziləri isə özünü sevdirir, başqalarını aşiq edib yanında saxlayır. Hətta işin ciddiyyətinə görə qiymətlər də dəyişir. Ancaq içlərində bəziləri insaflı çıxıb, günə özəl endirimlər də təklif edir.
Falçılığın işə yarayıb-yaramadığı haqqında dəqiq bir məlumat yoxdur. Amma bu kimi şeylər real və yüz faiz effektiv olsaydı, heç kəs nə sevdiyi insanı itirərdi, nə də yer üzündə kasıb və ya xəstə qalmazdı. Belə insanları həmişə görmüşük və görməyə də davam edəcəyik.
Biz Müsəlman ölkəsiyik və Allahımız təkdir. Yaradan tərəfindən asanlıqla sizə gəlməyən heç bir şeyi başqa yollarla əldə etməyə çalışmayın. Əgər olmursa, bəlkə də bu, sizin üçün xeyirli olan bir şeydir. Heç düşünmüsünüzmü, peşmanlıqla qaytaracağınız kəslər, geri qayıtdıqda özünüzü peşman edər? Bir ömrü və ümidi boşa puç edirsiniz.
Başqasının ailəsini dağıdıb, bədbəxtlik üzərinə xoşbəxtlik qurmaq istəyənlər əslində öz həyatlarını dağıdır. Nə qədər başqalarının həyatını dəyişdirməyə çalışsanız da, nəticə özünüzə qayıdacaq. Ancaq bunu anladığınız zaman, iş-işdən keçmiş olacaq və bir ömür geridə qalacaq.
Hər şeyin bir zamanı var. İnanın ki, doğru olanı seçmək və başqalarının həyatına müdaxilə etmədən öz yolunuzu tapmaq ən doğru yoldur.