media-inshot_20250629_120256048

Fransada Telegram üzərindən fəaliyyət göstərən “UberKills” adlı sifarişli qətl xidməti ortaya çıxıb

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Fransada bir gəncin öldürülməsi ilə bağlı aparılan araşdırmalar ölkədə ani messencerlər vasitəsilə sifarişli cinayət şəbəkəsinin mövcudluğunu üzə çıxarıb.

Məlumata görə, “UberKills” adlı bu xidmət Telegram platformasında fəaliyyət göstərir və sifarişli qətllər həyata keçirir. Sistem belə işləyir: Müştəri Telegram vasitəsilə xidmət menecerinə yazır, daha sonra isə menecer icraçıya, yəni qatillərə qurbanla bağlı məlumat və silah ötürür.

Fransanın Vol-en-Velen kommunasında aprel ayında baş verən və 3 dəfə güllələnən Abdel Hakim adlı şəxsin qətli də bu xidmətlə əlaqələndirilir. Ödürülən şəxs narkotik alverində vasitəçi kimi fəaliyyət göstərib və Telegramda yayımlanan elan vasitəsilə işə götürülüb.

Araşdırmaya görə, bu cinayətkar strukturun əsası pandemiya dövründə qoyulub. Həmin vaxt narkotiklərin çatdırılması üçün “UberShit” adlı xidmət yaradılıb və bu xidmət qida çatdırılma xidməti kimi gizlədilib. Daha sonra isə bu sistem inkişaf edərək “UberKills” kimi qətl sifarişlərinə yönəlib.

Lion polisi baş verənləri “cinayətin uberizasiyası” adlandırır və bildirir ki, son illərdə sosial şəbəkələrdən cinayət məqsədilə istifadə halları sürətlə artır.

Qeyd edək ki, cinayətlərin əksəriyyəti azyaşlılar tərəfindən törədilir. Fransada yetkinlik yaşına çatmayanlar narkotik alverində, silahlı hücumlarda və hətta muzdlu qətllərdə geniş şəkildə iştirak edirlər.

Bundan öncə isə iyunun 10-da “Le Figaro” qəzeti 14 yaşlı yeniyetmənin müəllimini məktəb yaxınlığında bıçaqlayaraq öldürdüyünü yazmışdı. Hücum zamanı bir polis əməkdaşı da xəsarət alıb. Hüquq-mühafizə orqanları bu faktı da sosial mediada yayılmış zorakı çağırışların nəticəsi kimi qiymətləndirirlər.

Fransa Prezidenti Emmanuel Makron isə vəziyyətin təhlükəli hal aldığını bildirərək 15 yaşdan kiçik yeniyetmələrin sosial mediaya girişinə qadağa qoyulmasını və azyaşlılara bıçaq satışının onlayn məhdudlaşdırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edib.


Bənzər xəbərlər