media-888fe278-1dd6-4d93-be6c-12e613361861

İran hökuməti İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əməkdaşlıqda və SEPAH polkovnikinin qətlində iştirakda ittiham olunan 36 yaşlı Möhsün Lanqarneşini edam edib.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, İranın məhkəmə sistemi bildirib ki, Lanqarneşin 2020-ci ildən etibarən iki il ərzində “Mossad”a logistik, texniki və əməliyyat dəstəyi göstərib və bu müddətdə bir neçə strateji əməliyyatda iştirak edib.

Lanqarneşin 2022-ci ilin mayında SEPAH polkovniki Səyyad Xodainin motosikletçilər tərəfindən qətlə yetirilməsində Mossada məlumat ötürərək bilavasitə iştirak edib. Bundan əlavə, o, İsfahanda yerləşən hərbi sənaye obyektinə hücumu dəstəkləməkdə də təqsirli bilinib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının rəhbəri Mahmud Amiry Moghaddam isə edam xəbərinə sərt reaksiya verib: “Lanqarneşin ədalətsiz məhkəmədən sonra işgəncə altında alınan etiraflara əsasən edam olunub. Bu, faktiki olaraq məhkəmədənkənar qətldir”.

Qeyd edək ki, İran son illər “Mossad”la əlaqədə ittiham olunan bir neçə şəxsi edam edib. Təkcə 2023-cü ilin dekabrında bu ittihamla üç kişi və bir qadın asılıb. Möhsün Lanqarneşinin edamı isə ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundunun ərəfəsinə təsadüf edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər