Zelenski: “Müharibənin sonunu birliklə yaxınlaşdırırıq”
Ukrayna Prezidenti Volodimir Zelenski, Danimarkanın Baş naziri Mette Frederiksen, Avropa İttifaqı (Aİ) Şurasının yeni sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüş keçirib.
Patrulaz.az xəbər verir ki, bu barədə dövlət başçısı instagram hesabında paylaşım edib.
Zelenski bildirib ki, görüşlər Danimarkanın Aİ Şurasına sədrliyə başlaması əsasında baş tutub. Əsas müzakirə mövzusu isə Ukraynanın Avropa İttifaqına inteqrasiyası və danışıqların ayrı-ayrı sahələr üzrə mərhələli şəkildə başlanması olub.
“Birinci mərhələnin açılmasına tam hazırıq. İlin sonunadək digər sahələr üzrə də danışıqlara başlamağa hazır olacağıq. Əminəm ki, bu proses Danimarkanın sədrliyi dövründə birgə uğurumuz kimi qeydə alınacaq”, – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, görüşlərdə Rusiyaya qarşı təzyiqlərin artırılması və Avropa İttifaqının 18-ci sanksiya paketinin müzakirəsi də gündəmdə olub. Eyni zamanda, müdafiə sənayesi sahəsində birgə istehsal imkanları, hərbi yardımın davam etdirilməsi və SAFE proqramı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.
“Qeyd etdiyimiz məsələlərin həyata keçməsi üçün fəal şəkildə çalışırıq və hansı qərarların verilməsinin vacib olduğunu dəqiq bilirik”, – deyə o əlavə edib.
Sonda Zelenski Danimarkaya və Avropa İttifaqına göstərdikləri davamlı və səmərəli dəstəyə görə təşəkkür edib: “Danimarkanın və Aİ-nin dəstəyi sayəsində biz daha çox insanı xilas edir, müharibənin sonunu yaxınlaşdırırıq. Bu birliyi və həmrəyliyi yüksək dəyərləndiririk”.
Gülbəniz Səfərova