Konqoda dəhşətli daşqın: “Respublika sizi tərk etməyəcək”
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada baş verən güclü yağış və nəticəsində yaranan daşqınlar faciəyə səbəb olub.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 33 nəfər həlak olub.
Prezident Felix Tshisekedi baş verənlərə görə dərin hüzn hissi keçirdiyini bildirib və hökumətin dərhal böhran iclası çağırdığını elan edib.
“Respublika sizi tərk etməyəcək”, – deyə o, vətəndaşlara müraciətində qeyd edib.
Hadisə zamanı çarəsiz qalan sakinlər sel sularından canlarını qurtarmaq üçün suda üzmək və ya ev şəraitində düzəltdikləri kanolarla təhlükəsiz ərazilərə keçmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, Kinşasa təxminən 17 milyon nəfər əhalisi ilə Afrika qitəsinin ən sıx məskunlaşmış şəhərlərindən biridir. Şəhər dünyanın ən böyük çaylarından olan və ölkənin ərazisindən axan Konqo çayı üzərində yerləşir.
Gülbəniz Səfərova