"Liverpool"un ulduz futbolçusu avtomobil qəzasında həlak olub - VİDEO
Portuqaliyalı futbolçu Diogo Jota və onun qardaşı Andre İspaniyada baş verən avtomobil qəzasında həlak olublar.
Patrulaz.az “YAHOO”ya istinadən xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında İspaniyanın Zamora şəhərində baş verib.
“Liverpool” klubunun 28 yaşlı futbolçunun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşın alovlanaraq yanıb. Qəza nəticəsində hər iki qardaş hadisə yerində ölüb.
Xatırladaq ki, cəmi 10 gün əvvəl ailə həyatı quran və üç övlad atası olan Diogo Jota bu yaxınlarda həm “Liverpool”la Premyer Liqa, həm də Portuqaliya yığması ilə UEFA Millətlər Liqasının qalibi olmuşdu.
Portuqaliya Futbol Federasiyası faciəyə dərhal reaksiya verərək Jotanı və qardaşını “iki çempionumuz” adlandırıb. Federasiyanın açıqlamasında bildirilir:
“Bu, təkcə Portuqaliya futbolu üçün deyil, bütün dünya futbol ailəsi üçün ağır itkidir. İki çempionumuzu itirdik”.
Qeyd edək ki, Diogo Jota 2020-ci ildən “Liverpool” klubunda çıxış etmiş və klubun azarkeşləri tərəfindən sevilən futbolçulardan biri olmuşdur. Onun itkisi dünya futbolunda dərin hüznlə qarşılanıb.
Gülbəniz Səfərova