““Neftçi”nin Ağdam klubuna təslim olacağını düşünmürəm” - Futbol Mütəxəssisi
“Hazırda “Neftçi” nə qədər zəif olsa belə, “Ağ-qaralar”ın “Qarabağ” ilə oyunu hər zaman derbi kimi keçir. Doğrudur, bugünkü gündə “Qarabağ”ın güc potensialını nəzərə aldıqda onun qalib gəlmək ehtimalının daha çox olduğunu görürük. Amma derbidə hər şey ola bilər. Düşünmürəm ki, “Neftçi” Ağdam klubunun onu məğlub etməsi üçün oyunu boş buraxacaq”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında aprelin 19-da keçiriləcək “Qarabağ”-“Neftçi” oyununun nəticəsi barədə fikir bildirən futbol mütəxəssisi Ceyhun Sultanov deyib.
Sözlərinə davam edən mütəxəssis qeyd edib ki, hansı komandanın qalib gələcəyi onun üçün mühüm əhəmiyyət kəsb etmir:
“Sadəcə azarkeşlərin səviyyəli bir oyun izləməyini arzu edirəm. Təbii ki, favorit “Qarabağ”dır, lakin “Neftçi”nin də təslim olmayacağına şübhə yoxdur. Çempionluq məsələsinə gəldikdə isə deyə bilərəm ki, “Qarabağ” bu oyunda məğlub olsa belə növbəti qarşılaşmalarda qalibiyyəti əldə edib, öz birinciliyini yaşayacaq. Çünki nəinki bu il, eyni zamanda daha öncələrdə də “Köhlən atlar” digər klublarımızdan üstün performans göstəriblər”.
Sonda isə Ceyhun Sultanov sabah qarşı-qarşıya gələcək hər iki komandaya uğurlar arzulayıb.
Ləman Sərraf