Qarpızın içərisində bu izlər varsa YEMƏYİN! – Zəhərlənmə TƏHLÜKƏSİ
Yay fəsli yeni daxil olsa da artıq 16 nəfər qarpızdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Belə ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, may-iyun aylarında qarpızdan zəhərlənmə şübhəsi ilə mərkəzə müraciət edən 16 nəfərə tibbi yardım göstərilib. Onlar arasında ölüm halı qeydə alınmayıb.
Əvvəlki illərdə qarpız, əsasən iyulun sonu və avqustda yetişir və yeyilirdi. Son illərdə isə artıq aprelin sonunda qarpız piştaxtaları bəzəyir.
Zəhərlənməyə nə səbəb olur? Zəhərlənməmək üçün nələrə diqqət etməliyik?
Patrulaz.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla deyib ki, zəhərlənmə əsasən onun yetişdirilmə və saxlanma şəraitindən asılıdır:
“Meyvə tərəvəzlərdən zəhərlənmə halları səbəbsiz deyil. Xüsusilə, qarpız və sulu meyvələrdən zəhərlənmələr daha çox onun yetişdirmə və saxlanma qaydalarına bağlıdır. Bəzən vaxtından əvvəl yetişdirilən meyvələrə süni iqlim şəraitində yetişdirildiyi üçün müxtəlif gübrələr, dərmanlar vurulur ki, o da meyvənin tərkibinə keçə bilər. Qarpız kimi giləmeyvələr də bu cür maddələri daha çox özündə toplayır. Qarpızı kəsərkən onun içərisi yetərincə gözümüzün öyrəşdiyi formada deyilsə, onun içində sarı zoğlar daha qabarıqdırsa və yaxud daha yumşaqdırsa, onları yemək olmaz”.
O, bildirib ki, vaxtından əvvəl yetişmiş meyvələri çox az miqdarda qəbul etmək lazımdır:
“Bəzən insanlar nəfsini saxlaya bilmirlər və bu da bədənə həddən artıq zərərli maddələrin toplanmasına və zəhərlənməyə gətirib çıxara bilər. Bəzi genetik modifikasiya olunmuş meyvələr var ki, konkret bir temperaturda bunların geni dəyişdirilir. Bunlar da uzun müddət, illərlə qala bilir.
Amma bu temperatur fərqi dəyişdikdə onlar tez yetişir və xarab olurlar. Bu da əsasdır. Bu məhsullar təhlükəlidir. Günəş altında uzun müddət qalan meyvə və giləmeyvələri qəbul edəndə diqqətli olmaq lazımdır. Bütün bunlara insanlar əməl etsələr və az qəbul etsələr problemlər yaşanmaz. Məncə, hər meyvə öz vaxtında yeyilsə yaxşı olar”.