media-img-20260717-wa0045

Patrul.az redaksiyasına müraciət edən vətəndaş yaşadığı binada qonşusu tərəfindən quraşdırılmış müşahidə kamerasından narazılığını bildirib.

İddiaya görə, hadisə Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C, mənzil 39 ünvanında baş verib. Vətəndaşın sözlərinə görə, qonşu mənzilinin giriş hissəsində quraşdırdığı nəzarət kamerası onun mənzilinə gələn şəxsləri də qeydə alır.

Şikayətçi bunun şəxsi həyata müdaxilə olduğunu iddia edərək belə sual ünvanlayır: “Axı mənim evimə gələn şəxsləri niyə kimsə qeydə almalıdır?”

Məsələ ilə bağlı Patrul.az-ın sorğusunu cavablandıran “Medleks” Vəkil Bürosunun vəkili Əli Kərimli bildirib ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarına əsasən, şəxsin yaşayış yerinə giriş və çıxışı, onunla əlaqə saxlayan şəxslər, eləcə də həmin şəxs barədə müəyyən təsəvvür formalaşdırmağa imkan verən digər məlumatlar şəxsi həyatın qorunan elementləri hesab olunur.

Vəkilin sözlərinə görə, yaşayış binasının ümumi istifadədə olan dəhlizində və ya mənzillərin giriş hissəsində quraşdırılmış və digər mənzillərin giriş qapısını da əhatə edən müşahidə kameraları nəticəsində şəxsin evə nə vaxt daxil olub-çıxması, mənzilə kimlərin gəlib-getməsi, gündəlik həyat ritmi və şəxsi həyatına dair digər məlumatların müntəzəm şəkildə qeydə alınması mümkün olur. Bu isə Konstitusiyanın 32-ci maddəsi ilə qorunan şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə kimi qiymətləndirilə bilər.

Əli Kərimli qeyd edib ki, təqdim olunan videogörüntüdən kameranın vətəndaşın mənzilinin giriş qapısını və mərtəbənin ümumi dəhlizini əhatə etdiyi görünür. Bu baxımdan o hesab edir ki, quraşdırılmış kamera şəxsi həyatın toxunulmazlığı hüququnu poza bilər. Vəkilin sözlərinə görə, belə hallarda vətəndaş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə də müraciət etmək hüququna malikdir.

Vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından araşdırma aparılmasını, kameranın qanunvericiliyin tələblərinə uyğun quraşdırılıb-quraşdırılmadığının müəyyən edilməsini və qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir.

Qeyd edək ki, yazıda yer alan məlumatlar müraciət edən vətəndaşın iddialarına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər