“Rus bölməsi Azərbaycanda təkcə dil məsələsi deyil - bu, dövlət təhlükəsizliyi məsələsidir” - EKSPERT DANIŞDI
2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. Bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.
Bu qərarın mənfi və müsbət tərəfləri nədən ibarətdir?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı fikirlərini Patrulaz.az-a bölüşüb:
“Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlar və ictimai müzakirələr əslində təhsildə illərdir gizlədilən, amma cəmiyyətin içində getdikcə dərinləşən bir xəstəliyin açıq etirafıdır. Artıq bu məsələ yumşaq ifadələrlə, ehtiyatlı yanaşmalarla, “dil müxtəlifliyi”, “mədəniyyətlərarası dialoq” kimi klişe bəhanələrlə ört-basdır edilə bilməz. Bu gün rus bölməsi Azərbaycanın təhsil sistemində funksional deyil, ideoloji və siyasi yüklü bir qalıqdır – millətə fayda verməyən, əksinə, sistemin daxildən çöküşünü təmin edən təhsil anomaliyasıdır. Və bu təhsil anomaliyası dərhal aradan qaldırılmalıdır”.
Ekspert bildirib ki, rus bölməsi artıq nə tədrisin keyfiyyətini qoruyur, nə rəqabət mühiti yaradır, nə də milli maraqlara xidmət edir:
“Əksinə, bu model təhsildə qeyri-bərabərlik, kadr hazırlığında zəiflik, informasiya təhlükəsizliyində boşluq və milli şüurun zədələnməsi ilə nəticələnir. Dövlət İmtahan Mərkəzinin 2023-cü il məlumatına görə, rus bölməsində buraxılış imtahanlarında orta nəticə 111 baldır. Azərbaycan bölməsində isə bu göstərici 139 baldır. Bu, təkcə fərq deyil – bu, təhqirdir. Yüz minlərlə şagirdin, valideynin, müəllimin əməyinə hörmətsizlikdir. Daha da dəhşətlisi odur ki, bu zəif nəticəyə malik abituriyentlər universitetlərə Azərbaycan bölməsindən 70-100 bal aşağı nəticə ilə qəbul olunurlar. Eyni ixtisasa, eyni auditoriyaya. Biri beyinlə gəlir, biri güzəştlə.
Bu, nə hüquqdur, nə ədalət, nə də sağlam təhsil siyasəti. Bu, sırf sovet dövründən qalan, müəyyən dairələr tərəfindən qorunan ayrıcalıqlı bir kastanın diktəsidir. Bəli, bu gün Azərbaycanda rus bölməsi artıq ideoloji bir imtiyaz sinfinin təmsilçisidir – və bu sinif uzun illərdir dövlətin resurslarından istifadə edib, amma dövlətə heç bir real fayda verməyib. Əgər rus bölməsi bu gün mövcuddursa, deməli, Azərbaycanda təhsil hələ də milli deyil”.
Bu modellə biz nə qazandıq sualına gəldiksə isə ekspert, aşağı nəticələr cavabını verib:
“Tələbə adı qazanan, amma dərs keçə bilməyən məzunlar. Dövlət imtahanlarında iflasa uğrayan namizədlər. Ən əsası – milli kimliyindən uzaqlaşdırılmış, başqa dildə düşünən, başqa ölkənin maraqları ilə oxuyan, amma bu ölkənin vətəndaşı olan bir gənclik.
Rus bölməsinin tərəfdarları hər zaman eyni “romantik” ifadələri təkrarlayır: mədəniyyət körpüsü, rus dili klassik ədəbiyyatın dilidir, rus dili beynəlxalq dil olub. Bu, 1990-cı illərin arqumentidir və bu arqumentlərin artıq real həyatda heç bir çəkisi yoxdur. Beynəlxalq əmək bazarında bu gün rus dilinin çəkisi sıfıra bərabərdir. 2023-cü ildə aparılan sorğulara əsasən, işəgötürənlərin yalnız 9%-i rus dilini vacib bacarıq kimi göstərib. Əvəzində 71%-i ingilis dilini əsas tələb kimi qeyd edib. Əmək bazarında olmayan, innovasiyada iştirak etməyən, texnologiya ilə uzlaşmayan bir dil təhsil dilinə çevrilə bilməz. Bu, ağılsızlıq deyil, təxribatdır.
Rus bölməsi müəllimləri də illərdir bu ayrıcalıqdan bəhrələnərək nə peşəkarlıq səviyyələrini artırıblar, nə də müasir pedaqoji texnologiyalara uyğunlaşıblar. Sertifikasiya imtahanlarında, diaqnostik qiymətləndirmələrdə, təlimlərdə iştirak etməyə çəkinən, öz dil zonasında qapalı şəkildə fəaliyyət göstərən, sistemin inkişafına qarşı müqavimət göstərən bu struktur artıq islahatlara əngəldir”.
Kamran Əsədov vurğulayıb ki, bu gün rus bölməsi Azərbaycanda təkcə dil məsələsi deyil – bu, dövlət təhlükəsizliyi məsələsidir:
“Rusiya bu bölgədə rusdilli təhsili ideoloji təsir vasitəsi kimi istifadə edir. Baltikyanı ölkələr bunu illər əvvəl anlayıb və bu modeli ləğv ediblər. Estoniya rus bölmələrini mərhələli şəkildə bağladı, nəticədə 2022-ci ildə PISA qiymətləndirməsində Avropada lider oldu. Litva rus bölməsini milliləşdirdi və təhsildə vahidlik təmin edildi. Gürcüstanda rus bölməsi artıq qalmayıb. Biz isə hələ də bu sistemi qorumağa çalışırıq?
Bu modelin qalması – keçmişə bağlılıq, tənbəllik və strateji cəsarətsizlikdir. Bu gün Azərbaycan təhsili üçün əsas təhlükə savadsızlıq deyil, qorxaqlıqdır. Qorxaqlıqla biz nəyi dəyişəcəyik? Nəyi yeniləyəcəyik?
Yayılan məlumata görə, qarşıdakı 3 ildə rus bölmələri mərhələli şəkildə bağlanacaq. Bu qərar doğrudursa – o zaman dərhal icra olunmalıdır. Ləngimək olmaz. Bu model hər il minlərlə şagirdin taleyinə zərbə vurur. Gələcəyi olmayan bir dilə, bir təfəkkürə yönəltmək cinayətdir.
İxtisasartırma kursları, müvəqqəti keçid dövrləri, maarifləndirmə tədbirləri – bunlar lazımdır. Amma islahatın özəyində bir həqiqət dayanmalıdır: rus bölməsi bağlanmalıdır. Birdəfəlik, qəti, gecikmədən”.
“Azərbaycan təhsili milli olmalıdır. Milli dil, milli kimlik, milli maraq üzərində qurulmalıdır. Bu gün biz XXI əsrdəyik, texnologiya, süni intellekt, qlobal əmək bazarı çağırışları ilə üz-üzəyik. Gələcəyin insanı rusca danışmır. O, texnologiya dilini bilir, innovasiya bacarığına malikdir, dünya ilə əlaqə qurur.
Rus bölməsi bu gələcəkdə yoxdur. O, köhnə sistemin – asılılığın, qorxaqlığın, inersiyanın, keçmişin rəmzidir. Bu yükü daşımaq Azərbaycan təhsilinə zərərdir. Bu yükdən azad olmaq – gələcəyə addımdır.
Təhsildə ədalət, şəffaflıq, bərabərlik istəyiriksə, ilk növbədə bu bölməni sistemdən çıxarmalıyıq. Bu artıq seçim deyil. Bu, tarixi öhdəlikdir. Bu, gələcəyin tələbidir. Bu, milli təfəkkürün sınağıdır. Rus bölməsi təhsildən yox edilməli, arxivə göndərilməli, gələcək nəsillərə “dövlətin nə vaxtsa buraxdığı səhv” kimi izah olunmalıdır. Yalnız bu halda biz həqiqətən müstəqil, bərabər və güclü təhsil sisteminə sahib ola bilərik”,– deyə o əlavə edib.
Ləman Sərraf