İstilər can aldı: Qırmızı xəbərdarlıq edildi
Avropa ölkələri istilik dalğasının təsiri altında yanarkən, bir çox dövlətlər meşə yanğınları ilə mübarizəni davam etdirir.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya, Yunanıstan, Fransa, İspaniya və Portuqaliya istilərdən ən çox təsirlənən ölkələr arasında ön sıralardadır.
Qitənin digər bölgələrində də temperatur mövsüm normativlərini üstələyir.
Fransanın meteoroloji agentliyi “Meteo France” ifrat istilərlə əlaqədar 4 vilayətdə qırmızı, 55 vilayətdə isə narıncı xəbərdarlıq elan edib.
Digər tərəfdən, ölkənin 20 vilayətində meşə yanğınları riski səbəbilə yüksək xəbərdarlıq səviyyəsinə keçilib.
Dəniz və Balıqçılıq naziri Anyes Panye-Runaşe bildirib ki, fövqəladə xidmətlər, əsasən yanğınsöndürənlər ifrat istilər səbəbindən narahatlıq keçirən 300 nəfərə müdaxilə edib. Nazir əlavə edib ki, istilərdən 2 nəfər həyatını itirib.
İtaliyada da ifrat istilər gündəlik həyatı ciddi şəkildə çətinləşdirir. Son günlərdə daha da güclənən isti hava səbəbilə həftənin əvvəlindən bu yana 2 nəfər dünyasını dəyişib.
Cənubdakı Palermo şəhərində 53 yaşlı bir qadının, Bolonya şəhərində isə bir tikinti sahəsində çalışan 47 yaşlı bir miqrantın istidən halı pisləşərək həyatını itirdiyi bildirilib.
Portuqaliya Dəniz və Atmosfer İnstitutu 3 səviyyəli xəbərdarlıq sistemində ikinci ən yüksək səviyyə olan narıncı xəbərdarlığı Bragança, Evora, Guarda, Vila Real və Beja şəhərləri üçün yayımlayıb. Ölkə üzrə temperaturun 41 dərəcəyə qədər yüksələcəyi və təxminən 40 bələdiyyədə kənd ərazilərində yanğın riskinin ən yüksək səviyyədə olduğu qeyd edilib.
Yunanıstan Mülki Müdafiə Baş Katibliyinin paylaşdığı xəritəyə görə, güclü küləklər səbəbindən bu gün ölkənin 5 bölgəsində yüksək yanğın riski mövcuddur. Mülki Müdafiə Xidməti bölgədəki sakinlərə SMS göndərərək bəzi kəndlərin təxliyəsini tələb edib.
İspaniyada günün ən yüksək temperaturu 42 dərəcə ilə Sevilya şəhərində qeydə alınıb. Zaragoza, Qranada, Toledo, Ciudad Real və Badaxozda da havanın 40 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.
Digər tərəfdən, İspaniyanın Lleida şəhəri yaxınlığında baş verən iki meşə yanğınında 2 nəfər həlak olub, təxminən 6 500 hektar sahə məhv edilib.
Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Monteneqro və Sloveniya kimi Balkan ölkələrində də aşırı isti səbəbindən vətəndaşlara tədbir görmələri üçün xəbərdarlıq edilib. Bosniya və Herseqovinanın bir çox şəhərində narıncı xəbərdarlıq elan edilib və temperatur 40 dərəcəni keçib.
Bu istilər Avropanı həm fiziki, həm ekoloji, həm də sosial baxımdan çətin bir yay mövsümünə sürükləyir. İqlim dəyişikliyinin təsirləri artıq gündəlik həyatın bir hissəsinə çevrilib.
Ləman Sərraf