Rusiyada intihar etdiyi bildirilən keçmiş nəqliyyat nazirinin ölümü ilə bağlı ŞOK İDDİALAR - VİDEO
Rusiyada sabiq nəqliyyat naziri Roman Starovoytun intiharı ilə bağlı bir çox suallar cavabsız qalıb.
Patrulaz.az “Агентство. Новости” telegram kanalına əsasən xəbər verir ki, hökumətyönlü media keçmiş nazir Starovoytun əvvəlcə Moskvaya yaxın Odintsovo şəhərindəki evində intihar etdiyini yazıb. Daha sonra bu məlumat dəyişdirilərək hadisənin Odintsovo rayonunun Romaşkovo kəndi yaxınlığında, Tesla markalı avtomobildə baş verdiyi bildirilib. Ardınca isə meyitin avtomobildən bir neçə metr aralıda kolluqlar arasında tapıldığı qeyd olunub.
Bəzi mənbələr hadisə yerinin Rublyovka yaxınlığında yerləşən yaşayış binasının park sahəsi olduğunu da iddia edib.
Cəsədin tapıldığı vaxtla bağlı da vahid fikir yoxdur. Belə ki, Forbes və RBC kimi media orqanları Starovoytun şənbədən bazara keçən gecə öldüyünü yazsa da, bəzi məlumatlarda meyitin yalnız bazar ertəsi aşkar edildiyi bildirilir.
Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov intiharın “çoxdan baş verdiyini” deyib.
Mətbuatda yayılan məlumatlara görə, Starovoytun cəsədinin yanında ona 2023-cü ildə Daxili İşlər Nazirliyi tərəfindən hədiyyə edilmiş “Glock” tapançası aşkarlanıb. Digər versiyalara görə, o, həmin gün səhər Nəqliyyat Nazirliyində iclas keçirib, istefasını elan etdikdən sonra evinə gedərək özünü güllələyib.
Hadisə yerində Starovoytu tanıyan 25 yaşlı Polina Korneeva da olub. Medianın yazdığına görə, o, keçmiş nazirin ya şəxsi köməkçisi, ya da münasibətdə olduğu şəxs olub.
Siyasi şərhçi Sergey Markov isə bu hadisəni intihar yox, ehtimal olunan “qətl” adlandırıb. Onun fikrincə, keçmiş nazirin ifadələrindən ehtiyat edən şəxslər onu aradan qaldırıb və intihar ssenarisi qurublar.
Qeyd edək ki, hazırda hadisə ilə bağlı rəsmi istintaq davam edir. Hadisənin qətl, yoxsa intihar olduğu ilə bağlı yekun nəticə yalnız ekspertiza və hüquq-mühafizə orqanlarının rəsmi rəyindən sonra məlum olacaq.