Sosial şəbəkədə avtomobil nömrəsini paylaşmazdan əvvəl bunu bilin! - Hüqüqşünasdan AÇIQLAMA
Sosial şəbəkələrdə müxtəlif hadisələrlə bağlı avtomobillərin dövlət qeydiyyat nişanlarının və görüntülərinin paylaşılması halları getdikcə artır. Lakin belə paylaşımlar bəzən şəxsin razılığı olmadan həyata keçirilir və bu da şəxsi həyatın toxunulmazlığı, şəxsi məlumatların qorunması və digər hüquqi məsələlərlə bağlı mübahisələrə səbəb olur.
Şəxsin icazəsi olmadan onun avtomobilinin dövlət nömrəsini və ya görüntüsünü sosial şəbəkədə paylaşmaq hüquqi məsuliyyət yaradırmı? Belə paylaşımlar hansı hallarda qanun pozuntusu hesab oluna bilər və paylaşımı edən şəxsi hansı hüquqi məsuliyyət gözləyə bilər?
Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, belə paylaşımlar konkret şəraitdən asılı olaraq hüquqi məsuliyyət yarada bilər:
“Rəqəmsal kommunikasiya vasitələrinin geniş yayıldığı müasir dövrdə sosial şəbəkələrdə avtomobil nömrəsi və ya görüntüsünün paylaşılması məsələsi ilk baxışda adi bir davranış kimi qavranılsa da, hüquqi baxımdan bir sıra ciddi nəticələr doğura bilər. Xüsusilə yol-nəqliyyat hadisələri, parklanma münaqişələri və ya şəxsi hesablaşma məqsədilə başqasının avtomobilini icazəsiz şəkildə sosial mediada yerləşdirmək vətəndaşlar arasında getdikcə daha tez-tez müşahidə edilən bir hala çevrilir. Məsələ Azərbaycan Respublikasının Konstitusiyası, “Fərdi məlumatlar haqqında” Qanun, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi çərçivəsində kompleks şəkildə qiymətləndirilməlidir. Məsələnin əsas hüquqi mahiyyəti ondan ibarətdir ki, avtomobilin dövlət qeydiyyat nişanı — yəni nömrə nişanı — birbaşa fiziki şəxslə əlaqələndirildiyinə görə “Fərdi məlumatlar haqqında” Qanunun tətbiq dairəsinə düşür. Həmin Qanuna əsasən fərdi məlumat dedikdə müəyyən fiziki şəxsi birbaşa və ya dolayı yolla müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Avtomobilin dövlət nömrəsi vasitəsilə sahibinin şəxsiyyəti, ünvanı və digər şəxsi məlumatları müəyyən edilə bildiyindən həmin nömrənin icazəsiz yayılması fərdi məlumatların qanunsuz işlənməsi kimi qiymətləndirilə bilər. Görüntü baxımından isə vəziyyət daha da mürəkkəbdir: əgər şəkildə nömrə ilə birlikdə sürücünün və ya yaxınlarının siması da əks olunursa, şəxsin şəxsi həyatına toxunulmazlıq hüququ birbaşa Konstitusiyanın 32-ci maddəsi əsasında müdafiə obyektinə çevrilir”.

R.Əzimzadə qeyd edir ki, ictimai maraq üçün edilən paylaşım fərqli, şəxsi məlumatları ifşa, təhqir və ya təhdid məqsədli paylaşım isə inzibati, mülki, hətta cinayət məsuliyyəti yarada bilər:
“Hüquqi məsuliyyətin yaranıb-yaranmaması isə əsasən paylaşmanın məqsədi və kontekstindən asılıdır. Üç əsas ssenaridə fərqli hüquqi nəticə ortaya çıxır. Birinci ssenaridə, məsələn, yol hərəkəti qaydalarının pozulmasını sənədləşdirmək məqsədilə çəkilmiş şəkli ictimai maraq kontekstində paylaşmaq. Bu zaman məsuliyyət riski daha aşağıdır, lakin tamamilə istisna edilmir. İkinci ssenaridə şəxsi münaqişə, intiqam və ya rüsvayetmə məqsədilə avtomobilin nömrəsi ilə birlikdə sahibinin şəxsiyyətinə dair açıqlayıcı məlumatlar paylaşılırsa, bu, artıq həm fərdi məlumatların qanunsuz yayılması, həm də şərəf və ləyaqətin alçaldılması kimi mülki məsuliyyət doğuran əməl kimi qiymətləndirilə bilər. Üçüncü və ən ağır ssenaridə paylaşılan məlumatlar vasitəsilə şəxsə qarşı izləmə, təhdid və ya fiziki təsir göstərmək imkanı yaranırsa, məsələ Cinayət Məcəlləsinin müvafiq maddələri, o cümlədən təhdid və şəxsi həyata müdaxilə çərçivəsində cinayət məsuliyyəti kontekstinə keçir. Sübutetmə və məhkəmə təcrübəsi baxımından da bir sıra mühüm məqamlar mövcuddur. Zərərçəkmiş şəxs iddia irəli sürərkən paylaşmanın onun şərəfinə, ləyaqətinə və ya şəxsi həyatına real zərər verdiyini sübuta yetirməlidir. Mülki Məcəllənin şərəf və ləyaqətin müdafiəsinə dair normaları çərçivəsində mənəvi zərərin ödənilməsi tələb oluna bilər. Bundan əlavə, “Fərdi məlumatlar haqqında” Qanun əsasında səlahiyyətli dövlət orqanına şikayət vermək və məlumatın dərhal silinməsini tələb etmək hüququ da mövcuddur. Paylaşılan məlumatın geniş auditoriyaya çatdığı, yaxud bir neçə platformada yayıldığı hallarda isə dəymiş ziyanın miqyası da buna mütənasib artır”.
Hüquqşünasın sözlərinə görə, ictimai yerdə çəkilmiş avtomobilin görüntüsünü və ya dövlət nömrəsini paylaşmaq hər zaman qanuni sayılmır, hüquqi məsuliyyət isə paylaşımın məqsədi, məzmunu və nəticəsindən asılı olaraq müəyyən edilir:
“Məsələnin yekun hüquqi izahı ondan ibarətdir ki, ictimai ərazidə çəkilmiş bir şəkli paylaşmaq hüquqi baxımdan qanunauyğun saymır. Müasir hüquq doktrinasında “ictimai məkanda görünmək” ilə “ictimai məkanda çəkilmiş görüntünün kütləvi şəkildə yayılmasına razılıq vermək” arasında dəqiq fərq mövcuddur. Avtomobilin nömrəsi yolda görünür olsa da, bu, sahibinə həmin nömrənin sosial şəbəkədə hər kəs tərəfindən paylaşılmasına razılıq vermək mənasına gəlmir. Niyyətin, məzmunun və paylaşmanın doğurduğu nəticənin məcmusu hüquqi qiymətləndirmənin əsasını təşkil edir. Bu üç amil üst-üstə düşdükdə isə hüquqi məsuliyyət qaçılmaz olur”.
Cəmilə Cəfərzadə






