media-media-f1795956-aa38-41e9-9e70-0721f806596f-o32jr5-1

Yay aylarında zəhərlənmə halları artdığı kimi, gigiyenik normalara riayət olunmayan məhsulların kiflənməsi hallara da rast gəlinir.

Elə bu yaxınlarda alıcılardan biri övladı üçün “Bravo” supermarketindən aldığı “Atena” markalı ayranın kifləndiyini müşahidə edib. Görüntülərdə qapağı açılan ayran butulkasının ağız hissəsinin kənarlarının kifləndiyi görünür. Bu barədə şikayəti vətəndaş redaksiyamıza bildirib. Məsələ ilə bağlı “Bravo” supermarketi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bəs belə olan halda, istehlakçılar marketdən süd və süd məhsulları alarkən hansı məqamlara diqqət yetirməlidirlər ki, bu cür problemlərlə qarşılaşmasınlar? Məhsulun saxlanma şəraiti, son istifadə tarixi, qablaşdırmanın vəziyyəti və digər hansı amillər risk yarada bilər? Həmçinin belə bir məhsulla qarşılaşan istehlakçı ilk olaraq hansı addımları atmalıdır?

Bununla bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Patrul.az-a açıqlama verib.

Təqdim olunan görüntüləri izləyən mütəxəssis bildirib ki, sənaye üsulu ilə hazırlanmış məhsullarda bu cür hallar yalnız gigiyena və saxlanma qaydalarına əməl olunmadıqda baş verə bilər:

“Yay mövsümündə temperatur yüksək olduğuna görə qida məhsullarının xarab olması, tərkibində bakteriya və mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Xüsusilə süd məhsulları zülal tərkibli olduğu üçün yüksək risk qrupuna daxildir. Nəzərə alsaq ki, görüntülərdə sənaye üsulu ilə hazırlanmış ayran var, bu məhsullarda kiflənmə halları nadir hallarda baş verir. Əgər sənaye üsulu ilə hazırlanmış məhsulun qablaşdırılmasında hər hansı zədələnmə, hava keçirmə əlaməti varsa, qabda şişmə, sızıntı və ya qapağın boş olması müşahidə edilirsə, bu, məhsulun düzgün saxlanılmamasından qaynaqlanan kiflənməyə səbəb ola bilər. Bu zaman məhsul istehsal, daşınma, saxlanma və satış mərhələlərinin hər birində soyuq zəncir prinsipinə uyğun olaraq temperatur rejimində saxlanılmalıdır. Məhsul ən azı müsbət 2, ən çox isə müsbət 6 dərəcə temperaturda saxlanılmalıdır. Əgər bu temperatur rejiminə əməl olunmursa və ya qeyd olunduğu kimi qablaşdırma hava keçirirsə, yaxud məhsul açıldıqdan sonra uzun müddət istifadə olunmayıbsa, bu zaman təbii olaraq müxtəlif xarabolma əlamətləri, o cümlədən kiflənmə yarana bilər”.

media-img-20260717-wa0044

Həmsöhbətimiz kiflənmiş məhsulların yarada biləcəyi fəsadlardan da danışaraq, xüsusilə risk qrupuna daxil olan şəxsləri bu cür məhsullardan uzaq durmağa çağırıb:

“Yaxşı olar ki, bu cür məhsullar ümumiyyətlə istifadə olunmasın. Çünki kiflənmə bir çox insanlarda allergiyaya səbəb ola bilər. Eyni zamanda ürəkbulanma, qusma, qarın ağrısı və ishala da gətirib çıxara bilər. Xüsusilə azyaşlılar, yaşlı insanlar, hamilə və süd verən qadınlar, immun sistemi zəif olanlar, eləcə də xroniki xəstəliyi olan şəxslərdə bu problemin ağırlaşma riski daha yüksəkdir. Çünki bəzi kif növləri ‘mikotoksin’ adlı zərərli maddələr əmələ gətirir. İstehlakçılar isə bunu ayırd edə bilmirlər. Yaxşı olar ki, alıcılar kiflənmiş məhsulu, eləcə də qablaşdırması kiflənmiş məhsulu istifadə etməsinlər. Hər hansı məhsulu alarkən üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olmasına, məhsulun tərkibinə, saxlanma şəraitinə, satış zamanı saxlanma qaydalarına riayət edilməsinə, həmçinin son istifadə və istehsal tarixlərinin göstərilməsinə diqqət yetirsinlər. Belə hallarla qarşılaşdıqda isə istehsalçı şirkətlə və istehlakçı hüquqlarını qoruyan aidiyyəti qurumlarla əlaqə saxlamaq olar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər