Talibanı tanıyan Rusiya nə mesaj verir? - ŞƏRH
Son dövrlərdə Rusiya xarici siyasətdə gözlənilməz addımlar atır. Bunlarda biri də iyulun 3-də Moskva səfirliyində Əfqanıstandakı Taliban rejiminə məxsus bayrağın qaldırılması oldu. Maraqlıdır ki, 2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi niyə məhz Rusiya tərəfindən 2025-ci ildə, yəni beynəlxalq arenada gərgin geosiyasi proseslərin baş verdiyi bir vaxtda rəsmən tanındı? Rusiyanın Əfqanıstanı rəsmi dövlət kimi tanımasının arxasında hansı məqsədlər dayanır?
Bu barədə politoloq Turan Rzayev Patrulaz.az-a açıqlamasında bildirib ki, Rusiya son illərdə nüfuz dairəsindəki bir sıra ölkələri itirdiyindən Talibanı tanımaqla buna cavab verməyə çalışır:
“Rusiya “arxa bağçası” dediyi bir çox regionda nüfuzunu itirməkdədir. Belə ki, faktiki olaraq, Ukrayna, Moldovanı itirmişdir. Gürcüstanda isə tam bir bərpa prosesi olmadı, yəni münasibətlər “boz” qaldı.
Moskva o cümlədən, Azərbaycan və Ermənistanı da itirdi. Mərkəzi Asiya ölkələrində də bu prosesə qoşulma halları müşahidə edilir. Hətta, Kreml daxilindəki subyektlər belə Rusiya ilə yollarını ayırması barədə düşünürlər. Belə bir dönəmdə Rusiyanın Əfqanıstana fokulanaraq, Taliban hökumətini tanıması əslində başadüşüləndir. Yəni, Rusiya itirdiyi regionlara bu cür ölkələri ətrafına toplamaqla cavab verir. Rusiyanın Əfqanıstandakı qanuni hökuməti tanıması Talibana o qədərdə böyük önəm qatmır”.
Politoloq Azərbaycanın Taliban hökumətinə qarşı münasibətinə də toxunaraq bildirib ki, rəsmi Bakı bu məsələdə neytral və balanslı mövqe sərgiləyir. Onun sözlərinə görə, Azərbaycan hətta, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısına Taliban nümayəndələrini də dəvət etməklə onu kənarda qoymadığını nümayiş etdirdi:
“Azərbaycanın Xankəndidə keçirdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısında Taliban hökuməti də dəvət olunmuşdu. Biz burada ölkəmizin Talibana olan dəstəyini, onu kənarda qoymadığı da gördük. Ümumlikdə isə Rusiyanın Taliban hökumətinin tanımasında əsas məqsədi itirdiyi regionlar və dövlətlərlə müqayisədə onu qazanc kimi görməsidir. Onsuz da Rusiyanın ətrafında yalnız Əfqanıstan kimi ölkələr qalıb. Digər dövlətlər də Rusiyanın əsl üzünü gördükləri üçün onunla məsafəni qorumağa üstünlük verirlər”.
Gülbəniz Səfərova