media-retouch_2025070217013322

İran İslam İnqilabı Keşikçiləri Korpusu  (SEPAH) Azərbaycanı hədəf alan daha bir təhdid xarakterli açıqlama yayıb. “Azad İran” Telegram kanalının məlumatına görə, SEPAH açıqlamasında İrana qarşı hücum məqsədilə hava məkanını ABŞ və ya İsrailə açan istənilən ölkənin düşmənçilik nümayiş etdirdiyi və nəticələrinə qatlanacağı bildirilib. Açıqlamada hər hansı bir ölkənin adı çəkilməyib. Lakin buna əsas kimi Bakı ilə İsrail arasında mövcud olan əməkdaşlıq və dost münasibətlər göstərilə bilər ki, Tehran da bunun üzərindən əssasız ittihamlarını irəli sürməkdə davam edir.

Son dövrlərdə SEPAH-a bağlı kiberqrupların Azərbaycan platformalarına qarşı ardıcıl kiberhücumlar təşkil etməsi də bu ittihamların məqsədli xarakter daşıdığını gücləndirir. Bəs İranın bu açıqlamaları nə deməkdir? İsrail-İran müharibəsi yekunlaşsa da, Tehranın  Azərbaycana olan ittihamları və hədələri niyə bitmir?

Məsələ ilə bağlı Patrulaz.az-a açıqlamasında Yaxın Şərq üzrə  politoloq Sədrəddin Soltan öz fikirlərini bölüşüb.

Politoloqun sözlərinə görə, İranın Azərbaycana qarşı bu cür addımları artıq vərdişə çevrilib:

“Azərbaycanı hər addım başı, yerli-yersiz nədənsə ittiham etmək və ya bu yöndə xəbərlər yaymaq artıq Tehran hakimiyyətinin, o cümlədən onun rəsmi mediasının adətinə çevrilib. Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında açıq şəkildə bəyan etdi ki, İsrail-İran müharibəsi zamanı Azərbaycanın hava məkanından Tehrana qarşı heç bir əməliyyat keçirilməyib. Görünür ki, müharibədə İran hakimiyyətinin İnqilab Keşikçiləri Qvardiası və mətbuat orqanları ölkəmizi nələrdəsə ittiham etməklə yeni  siyasi-ideoloji hücuma başlayıb. Amma İran hakimiyyətinin bu kimi qrumları  Tehranda HƏMAS-ın lideri İsmayıl Həniyyənin öldürülməsinə və ya İranda çoxlu sayda İsrail casusa adı ilə həbs olunanlara,  30-a yaxın SEPAH generalının öldürülməsinə, o cümlədən nüvə obyektlərinin dağıdılmasına hansı səbəbə görə diqqət etmir?… Saydığım bu ərazilərin koordinatlarını və hərbi rəhbərlərin yerini kim aşkara çıxarıb?.. “

S. Soltan İran-İsrail müharibəsində baş vermiş hadisələri misal çəkərək, bildirir ki, Tehran hakimiyyətdəki rəhbərlərin müharibə zamanı asanlıqla yerlərinin təyin edilib, öldürülmələrini nəzərə almalı və məhz buna görə də, casusları xaricində deyil, öz ölkəsində axtarmalıdır:

media-670509e529810

“Baş vermiş son hadisələr göstərir ki, Tehran hakimiyyətinin daxilində ən yüksək vəzifəllilər arasında xarici ölkələrə casusluq edənlər olub. Misal olaraq, İran İnqilab Keşikçiləri Qvardiasının (SEPAH) komandir müavini MOSSAD ilə əməkdaşlıqda şüphəli bilinərək, dindirilib. Yaxud da keçmiş müdafiə naziri, Xameneiin müşaviri olan Əli Şəmpani, Qüds Qoşunlarının komandanı İsmayıl Kani, Abbas Əraqçi, Hüseyn Taib, hətta öldürülən nüvə fiziki Firuddin Abbasi də İsrail ilə əməkdaşlıqda şüphəli bilinib. Bütün bunlar onu deməyə əsas verir ki, Tehran hakimiyyətinin özünün daxilində casus şəbəkəsi var. İranın keçmiş kəşfiyyat naziri Əli Yunisi müsahibələrinin birində bildirmişdi ki, MOSSAD-ın İrandakı fəaliyyəti son 10 ildə ölkənin müxtəlif bölgələrində böyük təsir gücünə malikdir. Bu isə İslam Respublikasının bütün rəsmilərinin həyatı üçün qorxmağa əsas verir. O da iddia olunur ki, inqilabdan sonra İran təhlükəsizlik strukturlarına az qala etiraz aksiyalarında iştirak etmiş hərkəsi qəbul edirdilər. Bu da ucdantutma təhlükəsizlik qurumun yaradılması və kadr bazasının formalaşdırılması nəticəsi bu gün göz önündədir. Yəni Tehran hakimiyyətidə İsrail və ABŞ-yə casusluq edənlər az deyil. Buna görə də, Tehran höküməti buna qarşı olan qüvvələri xaricdə deyil, öz hakimiyyətinin daxildə axtarmalıdır”.

Politoloq həmçinin, açıqlamasında  təkcə İranın yox, Rusiyanın da Azərbaycana qarşı regional proseslərdə xoşməramlı mövqe nümayiş etdirmədiyini də qeyd edir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması məsələsində Rusiya rəsmi olaraq neytral görünməyə çalışsa da, pərdəarxası proseslərdə bu layihənin reallaşmasına mane olan qüvvələr arasında yer alır. İran isə bu məsələyə açıq şəkildə qarşı çıxaraq, Azərbaycanın suveren təşəbbüslərinə birbaşa təzyiq göstərir:

“İran və Rusiya hakimiyyəti Azərbaycana xoş olmayan münasibətlər göstərməkdədirlər. Misal olaraq, Zəngəzur yolunun açılması məsələsində Rusiyanın pərdəarxasında dayanaraq, fərqli mövqe tutması, İranın isə bu məsələyə ciddi şəkildə qarşı çıxması bunu təsdiqləyir. Yaxud da İran və Rusiyanın Qarabağda Azərbaycan torpaqları işğal altında olarkən də birgə fəaliyyət göstərirdilər. O cümlədən, Ermənistanın ölkəmizə qarşı təzyiqləri əsasında birlikdə əməkdaşlıq etməsi, habelə 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan Ermənistana göndərilən hərbi texnikaların İran ərazisindən İrəvana ötürülməsi faktı dediklərimi təsdiq edir.

Həmçinin Ermənistanın Azərbaycana qarşı müharibədə istifadə etdiyi silahların da Rusiya istehsalı olması da bunu təsdiqləyir. Azərbaycanın Cənubi Qafqazda güclü dövlət olaraq mövcudluğu Rusiya və İranın regional müstəmləkəçi “böyük qardaşlıq” iddiasını puça endirir. Ona görə də hər iksi birləşərək Azərbaycana qarşı xoş olmayan davranışlar sərgiləyirlər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər