“Yalnız bu halda gənclərin arzuları alver predmetinə çevrilməz” - EKSPERT
Azərbaycanda gənclərin çoxu xaricdə təhsil almağa üstünlük verirlər. Buna görə də xaricdə təhsil şirkətlərinə üz tuturlar. Bir çox hallarda isə vətəndaşlar bu şirkətlərin qurbanına çevrilirlər. Həmin şirkətlər istədikləri məbləği valideynlərdən və yaxud abituriyentlərdən aldıqdan sonra yoxa çıxırlar.
Aldanmamaq üçün təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etmək lazımdır?
Məsələ ilə bağlı Patrulaz.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, xaricdə təhsil şirkətlərinin fəaliyyəti son illərdə Azərbaycanda kəskin artıb, bu sahəyə olan tələbat da paralel şəkildə yüksəlib:
“Valideynlər övladlarının xaricdə təhsil alması üçün bəzən illərlə pul toplayır, ailənin bütün maddi imkanları bu məqsədə yönləndirilir. Lakin təəssüf doğuran hal odur ki, bu arzular üzərindən bəzi şəxslər və şirkətlər fırıldaqçılıq mexanizmi quraraq, həm insanları maddi ziyana salır, həm də onların etimadını məhv edir. “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” kimi qurumlara qarşı şikayətlər, yüzlərlə gəncin aldadılması, sənədlərinin yoxa çıxması və ya vəd olunan universitetlərə qəbulun gerçəkləşməməsi bu problemin nə qədər ciddi olduğunu ortaya qoyur”.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq – yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını mənimsəmə cinayət məsuliyyəti yaradır:
“Əgər hər hansı təhsil şirkəti şəxsdən ödəniş alıb və müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə, bu, aydın dələduzluq əlamətidir. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, istehlakçıya xidmət göstərən hüquqi və ya fiziki şəxs ona dəqiq, düzgün və tam məlumat verməli, müqavilənin şərtlərinə əməl etməlidir. Bu öhdəliklərin pozulması istehlakçının həm məhkəmə, həm də icra orqanlarına müraciət etməsi üçün hüquqi əsas yaradır.
Lakin əsas problem təkcə hüquqi mexanizmin mövcudluğu deyil, onun praktik icrasında olan boşluqlardır. Əksər vətəndaşlar bu şirkətlərlə sadə, hüquqi qüvvəyə malik olmayan müqavilələr imzalayır, sənədləri təsdiq etmədən rəsmi ödəniş etməyə razı olur. Bu da sonradan hüquqi müdafiəni çətinləşdirir. Eyni zamanda, bir çox hallarda şirkətlər fəaliyyətlərini MMC adı ilə rəsmi qeydiyyatdan keçirərək, özlərini “təhsil mərkəzi” kimi tanıdırlar, halbuki onların əksəriyyətinin nə xarici universitetlərlə rəsmi müqaviləsi, nə də təhsil sahəsində akkreditasiyası mövcuddur.
Bu kontekstdə beynəlxalq təcrübə göstərir ki, əksər inkişaf etmiş ölkələrdə xaricdə təhsil xidməti göstərən qurumlar mütləq akkreditasiya və lisenziyaya malik olmalıdır. Məsələn, Avstraliya hökuməti “CRICOS” adlı rəsmi qeydiyyat sistemindən kənar təhsil təşkilatları ilə işləməyə icazə vermir. Birləşmiş Krallıqda “British Council” vasitəsilə yalnız akkreditə olunmuş agentliklər fəaliyyət göstərə bilər. Bu, həm gənclərin hüquqlarının qorunması, həm də təhsil sisteminin şəffaflığı baxımından vacib mexanizmdir”.
Kamran Əsədov qeyd edib ki, Azərbaycan üçün də eyni yanaşma tətbiq olunmalıdır:
“Xaricdə təhsillə bağlı xidmət göstərmək istəyən hər bir qurum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə qeydiyyatdan keçməli, xarici ali məktəblərlə rəsmi əməkdaşlıq sənədlərini təqdim etməli, müqavilə bağladığı şəxslərə isə şəffaf və hüquqi zəmanətli prosedur təqdim etməlidir. Bu sahəyə lisenziya mexanizmi tətbiq edilməli, yoxlamalar gücləndirilməli və ictimai nəzarət üçün vahid reyestr yaradılmalıdır.
Vətəndaşlar isə xaricdə təhsil üçün şirkətlə əməkdaşlıq etməzdən əvvəl aşağıdakılara diqqət yetirməlidir: birincisi, həmin şirkətin hüquqi statusunu, vergi ödəyicisi olub-olmadığını yoxlamalıdır; ikincisi, xarici universitetlərlə rəsmi əməkdaşlıq sənədləri tələb edilməlidir; üçüncüsü, imzalanan müqavilə mütləq notarial qaydada təsdiqlənməli, burada göstərilən xidmətlərin dəqiq şərtləri, məsuliyyət mexanizmi və ödənişin mərhələli şəkildə aparılması əksini tapmalıdır. Hər hansı bir vəd yazılı sənədlə təsdiqlənmirsə, ona güvənmək hüquqi baxımdan təhlükəlidir. Eyni zamanda, həmin şirkətin fəaliyyəti ilə bağlı sosial mediada və rəsmi mənbələrdə şikayət və rəylər də araşdırılmalıdır. Bəzi hallarda bu rəylər dələduzluğun qarşısını almaqda önəmli rol oynayır”.
“Əgər artıq fırıldaqçılığa məruz qalınıbsa, ilk növbədə müvafiq polis orqanına, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və məhkəməyə müraciət edilməlidir. Həmçinin ictimaiyyətə açıqlama vermək, digər vətəndaşların da xəbərdar olması baxımından vacibdir. Bu halların ictimailəşdirilməsi digər potensial qurbanların qarşısını ala bilər.
Nəticə etibarilə, xaricdə təhsil almaq istəyən gənclərin bu sahədə həm hüquqi, həm də informasiya baxımından maariflənməsi zəruridir. Dövlət isə bu sahəni tənzimləyən hüquqi mexanizmləri formalaşdırmalı, vətəndaşların hüquqlarını qorumalı və xaricdə təhsili fırıldaqla yox, biliklə əlaqələndirən şəffaf sistem qurmalıdır. Yalnız bu halda gənclərin arzuları alver predmetinə çevrilməz, əksinə, onların gələcək uğurlarına çevrilə bilər”,- deyə o əlavə edib.
Ləman Sərraf