Ağladığı üçün körpələrini çəkməcədə saxlayaraq öldürən valideynlər həbs edilib
ABŞ-nin Texas ştatında 4 aylıq körpələrinin ölümünə səbəb olmaqda ittiham olunan bir cütlük bir il sonra qətl maddəsi ilə həbs edilib.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, 38 yaşlı ata Jeremy Fancher və 21 yaşlı ana Destiny Kampos barəsində qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb.
Kampos cümə günü, Fancher isə şənbə günü həbs edilərək müxtəlif həbsxanalara yerləşdirilib.
Hadisə 2024-cü ilin may ayında Hyuston şəhərindəki bir moteldə baş verib. Şikayət nəticəsində hadisə yerinə gələn polis, Broklin Fancher adlı 4 aylıq körpəni çəkməcənin içində hərəkətsiz halda tapıb. Körpənin hadisə yerində həyatını itirdiyi təsdiqlənib.
Məhkəmə-tibbi ekspertiza körpənin boğularaq öldüyünü müəyyən edib. Aparılan istintaq nəticəsində məlum olub ki, valideynlər körpənin ağlama səsini boğmaq üçün çəkməcəni dəsmallarla sarıyıblar və onu dəfələrlə həmin yerə qoyublar.
Kampos məhkəmədə körpəni dəfələrlə çəkməcəyə qoyduğunu etiraf edib. Onun 7 aylıq hamilə olduğu da məlum olub. Ata Jeremy Fancherin də bu hadisədə birbaşa məsuliyyət daşıdığı bildirilib.
Cütlüyün yaşadığı evdə aparılan yoxlamalar zamanı gigiyena şəraitinin olduqca pis olduğu, mətbəx və vanna otağında suyun belə olmadığı aşkarlanıb.
Hadisə ABŞ-də geniş rezonans doğurub və ictimaiyyətin böyük hiddətinə səbəb olub. Körpənin faciəvi ölümü uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti məsələlərini bir daha gündəmə gətirib.
Ləman Sərraf