media-inshot_20250709_150443691

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Talibanın ali liderləri barəsində qadınları sistemli şəkildə təqib etdiklərinə görə həbs qərarı çıxarıb.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.

Məlumata əsasən, BCM-nin baş prokuroru bildirib ki, Talibanın ali lideri Heybətullah Axundzadə və qrupun baş hakimi Əbdül Hakim Həqqani 2021-ci ilin 15 avqust tarixindən etibarən qadınlara qarşı gender əsaslı təqiblərə görə beynəlxalq cinayət məsuliyyəti daşıyır.

Həbs orderlərinin verilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı vəziyyətlə bağlı qətnaməni qəbul etməsindən bir gün sonraya təsadüf edir. Qətnamədə “Əfqanıstanda qadın və qızların ağır, pisləşən, geniş və sistematik şəkildə sıxışdırılmasından” ciddi narahatlıq ifadə olunub və Taliban bu siyasətə son qoymağa çağırılıb.

Taliban isə verilən qərarı “cəfəngiyyat” adlandıraraq, Beynəlxalq Cinayət Məhkəməsini tanımadığını bildirib.

Xatırladaq ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban rejimi qızların altıncı sinifdən sonra təhsil almasını qadağalayıb. Qadınlardan isə ictimai yerlərdə üz və bədənlərini tam örtməsi, həmçinin yaxın qohum olmayan kişilərlə təmasdan uzaq durması tələb olunur. Hətta, bəzi bölgələrdə qadınların səsi ictimai yerlərdə qadağalanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər