“Bizim vasitələrimiz kifayətdir” – Putin nüvə silahı barədə danışdı
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynada başladığı xüsusi hərbi əməliyyatı nüvə silahına əl atmadan da uğurla başa vura biləcəyini bildirib.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Putin bu fikirləri jurnalist Pavel Zarubinlə söhbətində səsləndirib.
“Bizim 2022-ci ildə başladığımız işi Rusiyanın ehtiyac duyduğu nəticə ilə başa çatdırmaq üçün kifayət qədər imkanlarımız və vasitələrimiz var”, – deyə dövlət başçısı qeyd edib.
Putin, həmçinin Qərbin Rusiyanı təxribata çəkmək cəhdlərinə toxunaraq bildirib: “Onlar bizi təxribat etmək istəyirdilər, səhv etməyimizi istəyirdilər. Və sizin qeyd etdiyiniz silahlardan istifadə etməyə ehtiyac yox idi. Ümid edirəm ki, buna ehtiyac olmayacaq”.
Qeyd edək ki, Kreml rəhbəri Rusiyanın nüvə silahından yalnız son seçim olaraq istifadə edəcəyini dəfələrlə vurğulayıb. 2024-cü ilin noyabrında isə o, ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.
Gülbəniz Səfərova