“Bu dəyişikliklər təhsil sistemində funksional bilik anlayışının önə çıxarılmasına xidmət edir” - EKSPERT
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Təhsil eksperti Kamran Əsədov dünən keçirilən imtahanın çətinlik dərəcəsi barədə Patrulaz.az-a fikirlərini bölüşüb:
“İlk növbədə qeyd edim ki, 2025-ci il aprelin 19-da keçirilən IX sinif buraxılış imtahanı ilə bağlı apardığım ilkin təhlillər göstərir ki, bu ilki imtahan məzmun və texniki quruluş baxımından əvvəlki illərlə müqayisədə həm fərqli idi, həm də müəyyən test tapşırıqlarında çətinlik səviyyəsi daha yüksək idi. Xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə sualların strukturu və cavablandırma mexanizmi əvvəlki illərə nisbətən daha çox analitik düşüncə və yazılı ifadə bacarığı tələb edirdi.
Əvvəla, bu il imtahanların kağız daşıyıcıda keçirilməsi, texniki baxımdan əvvəlki illərlə eynidir, lakin təqdimat formatında dəyişikliklər və yeni tip sualların daxil edilməsi fərqləndirici məqamdır. Məsələn, Azərbaycan dili fənni üzrə şagirdlərdən yalnız dil bilgisi qaydalarını sadəcə tanımaq yox, mətn kontekstində tətbiq etməyi bacarmaları tələb olunurdu. Bu isə sırf əzbər biliklərlə deyil, funksional savadlılıq əsasında düşünməyi tələb edən bir yanaşmadır”.
Ekspert bildirib ki, riyaziyyat fənnində bu il məntiqi düşüncəyə və ardıcıllıqla addım-addım cavab verməyə əsaslanan tapşırıqların çəkisi artmışdı:
“Xüsusilə, praktiki yönlü tətbiqi məsələlərin salınması – məsələn, faiz, zaman-hərəkət və miqdar münasibətləri – real həyatda riyazi düşüncənin tətbiqini yoxlamağa yönəlmişdi. Bu cür suallar əvvəlki illərdə də mövcud idi, lakin bu dəfə hesablama ardıcıllığı və izahın aydınlığı baxımından daha çox diqqət tələb edirdi.
İngilis dili və digər xarici dillər üzrə isə bu il bəzi sualların çətinliyi mətnin başa düşülməsi, kontekstdən məna çıxarma və sinonim-antonym seçimi üzərində qurulmuşdu. Bu, ənənəvi “boşluq doldurma” suallarına əlavə olaraq oxu anlama və semantik uyğunluq tələb edirdi. Bu dəyişiklik isə PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmə sistemlərinə uyğunlaşdırma niyyətini göstərir.
Çətinlik dərəcəsi ilə bağlı ümumi rəy ondan ibarətdir ki, bu ilki imtahanlar məzmun baxımından daha səlis hazırlanmış, lakin sadə əzbərçiliyə deyil, dərin başa düşmə və tətbiqetməyə əsaslanan suallardan ibarət idi. Bu isə təbii olaraq çətinlik dərəcəsini əvvəlki illərlə müqayisədə artırır. Əgər ötən illərdə suallar daha çox təkrar və nümunə üzərindən cavablandırıla bilirdisə, bu il qeyri-standart suallar və oxşar mövzulara fərqli yanaşmalar tələb olunurdu. Bu səbəbdən orta hazırlıq səviyyəsində olan şagirdlərin imtahanı çətin kimi dəyərləndirməsi təbiidir”.
Kamrqn Əsədovun sözlərinə görə, müsbət tərəfdən bu dəyişikliklər təhsil sistemində funksional bilik anlayışının önə çıxarılmasına xidmət edir:
“Lakin problem ondan ibarətdir ki, ümumtəhsil məktəblərində bu tərzə uyğun dərs metodu və müasir tədris texnologiyaları hələ geniş tətbiq olunmur, yəni proqram və qiymətləndirmə uyğunsuzluğu yaranır. Bu isə şagirdin hazırlıqlı olmasına baxmayaraq, yeni tip suallar qarşısında əziyyət çəkməsinə səbəb olur.
Nəticə olaraq, bu ilki IX sinif buraxılış imtahanı tədrisin forma və məzmun baxımından transformasiyası zərurətini bir daha gündəmə gətirir. Əgər imtahanlar tədricən beynəlxalq qiymətləndirmə meyarlarına uyğunlaşacaqsa, bu zaman məktəb proqramı, dərsliklər və müəllim hazırlığı da eyni tempdə yenilənməlidir. Əks halda, imtahanın mahiyyəti ilə tədris mühitinin qeyri-adekvatlığı abituriyentləri psixoloji və nəticə baxımından çətinliyə salacaq. Bu fərqliliyin aradan qaldırılması üçün təhsil proqramı və qiymətləndirmə standartları arasında ahəng yaradılması vacibdir”.
Ləman Sərraf