Bu ölkədə konstitusiya dəyişikliyinə görə LGBTQ üzvləri ayağa qalxdı
Macarıstan millət vəkilləri, hökumətin LGBTQ+ icmalarına qarşı tədbirlərini daha da sərtləşdirən konstitusiya dəyişikliyini qəbul etməyə hazırlaşır.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, yeni düzəliş baş nazir Viktor Orban və sağçı populist Fides partiyası tərəfindən dəstəklənir və LGBTQ tədbirlərini qadağan edərək, səlahiyyətlilərə üz tanıma proqramı ilə iştirakçıları müəyyən edib, onları cərimələmə imkanı verəcək.
Dəyişiklik həmçinin yalnız iki cinsin tanınmasını təmin edir və gender kimliyinə dair mübahisələri artırır.
Orban hökuməti bu tədbirləri, uşaqların inkişafını qorumaq adı altında tətbiq etdiyini bildirir.
Macarıstan Helsinki Komitəsi bu düzəlişi “qorxunu qanuniləşdirmək” olaraq qiymətləndirir: “Bu qanunlar hökumətin müxalif fikirləri susdurmaq və hakimiyyətə nəzarətini artırmaq məqsədini güdür”, – deyə təşkilat bəyanatında qeyd edib.
Momentum partiyası, Orbanın siyasətinin Rusiyadakı məhdudiyyətlərlə oxşar olduğunu vurğulayıb və parlamentin qanunvericiliyi təsdiqləməsinin qarşısını almaq üçün macarları etirazlara dəvət edib. “Gəlin birlikdə onların bizi Putin yolu ilə aparmasının və azadlığımızdan məhrum etmələrinin qarşısını alaq”, – deyə partiya çağırış edib.
Qeyd edək ki, Macarıstanda sözügedə konstitusiya dəyişikliklərinə qarşı LGBTQ+ icmasının üzvləri və dəstəkçiləri etiraza qalxıblar. Onlar xüsusən də Budapeşt şəhərinin mərkəzində toplaşma hüququnu məhdudlaşdıran qanuna etiraz edirlər.
Gülbəniz Səfərova