Ərdoğandan sərt mesaj: “Səbrimizi heç kim yanlış anlamasın!”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatiya Forumunun açılışında çıxış edərək İsrailin Suriya və Livana hücumlarını kəskin şəkildə tənqid edib və Ankaranın səbrinin sınağa çəkilməməsi barədə xəbərdarlıq edib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Ərdoğan çıxışında qeyd edib ki, İsrailin regionda atdığı addımlar sabitliyi pozur və xüsusilə Suriyada davam edən münaqişəni daha da dərinləşdirir.
O, həmçinin beynəlxalq ictimaiyyətin Fələstin məsələsinə laqeyd münasibətini də sərt tənqid edib: “Fələstin xalqına qarşı açıq şəkildə soyqırımı törədilir. Bizim soyuqqanlılığımızı, səbrimizi, məsələləri dialoq yolu ilə həll etmək istəyimizi heç kim səhv başa düşməsin. Sakitliyimiz heç kimi yanlış həvəslərə sürükləməsin”, – deyə Ərdoğan vurğulayıb.
Həmçinin o əlavə edib: “İsrail hökuməti bu günə qədər 211 jurnalisti qətlə yetirib. İndi bu barbarlıq deyilsə, nədir? Təcili yardım maşınındakıları öldürmək banditizm deyilsə, bu nədir? Bunun adı terror dövləti deyilmi?”.
Qeyd edək ki, Ərdoğan çıxışında həm də Aİ-yə üzvlüyün Türkiyə üçün hələ də strateji hədəf olduğunu bildirib.
O, Türkiyənin regionda sabitlik, sülh və rifah üçün dialoqa və əməkdaşlığa açıq olduğunu qeyd edib, lakin ehtiyac yaranarsa lazımi addımların qətiyyətlə atılacağını da vurğulayıb.
Gülbəniz Səfərova