media-img-20250704-wa0009

ABŞ-də yaşayan bir cütlük, illərlə davam edən övlad həsrətini süni intellekt texnologiyası sayəsində sona çatdırdı. 

Patrulaz.az “CNN International”a istinadən xəbər verir ki, 18 il boyunca uşaqları olması üçün saysız-hesabsız dəfə süni mayalanma müalicəsinə müraciət edən cütlüyün arzusu, nəhayət gerçəkləşdi. Lakin bu illər ərzində hər dəfə uğursuz nəticə almalarının səbəbi, kişidə çox nadir rast gəlinən “azospermiya” xəstəliyi idi.

Azospermiya nədir?

Azospermiya –  kişilərdə spermanın tərkibində sperm hüceyrəsinin ümumiyyətlə olmaması ilə xarakterizə edilən ciddi sonsuzluq növüdür. Normalda sperma nümunəsində milyonlarla sperm hüceyrəsi olmalı olduğu halda, bu xəstəliyə sahib şəxslərdə mikroskop altında saatlarla aparılan araşdırmalarda belə bircə dənə hüceyrəyə belə rast gəlinmir.

Məlumata görə, uzun illər nəticəsiz cəhdlərdən sonra cütlük son ümid kimi Kolumbiya Universitetinin Doğum Klinikası Mərkəzinə müraciət edib. Burada yeni hazırlanmış və STAR (Sperm Tracking and Retrieval – Sperm İzləmə və Toplama) adlanan texnologiya ilə tanış olublar. Bu üsul, süni intellektin köməyi ilə adi üsullarla görünməyən sperm hüceyrələrini müəyyənləşdirməyə imkan verir.

Cütlüyün verdiyi sperma nümunəsi süni intellektlə təchiz edilmiş sistem tərəfindən təhlil edilib. Normalda mümkünsüz sayılan bir nəticə əldə olunub: cəmi üç ədəd sperm hüceyrəsi tapılıb. Həmin hüceyrələr süni mayalanma prosesində istifadə edilib.

Nəticə müsbət olub və qadın hamilə qalıb. STAR texnologiyası ilə dünyada ilk dəfə hamiləlik əldə edən qadın bu duyğusunu belə ifadə edib:
“Həqiqətən hamilə olduğuma inanmaq üçün günlər keçdi. Hər səhər oyandığımda bunun bir yuxu olub-olmadığını düşünürəm”.

Doğuşun dekabr ayında baş tutması gözlənilir. Mütəxəssislər bu metod üzərində tədqiqatların hələ də davam etdiyini bildirsələr də, süni intellektin kişi sonsuzluğu ilə mübarizədə ümidverici bir üfüq açdığı fikrində həmrəydirlər. CNN-in qiymətləndirməsinə əsasən, STAR kimi texnologiyalar gələcəkdə minlərlə cütlüyün valideyn olmaq arzusunu gerçəkləşdirməkdə əsas ümid ola bilər.

Ləman Sərraf


Bənzər xəbərlər