Günvurma nəticəsində 18 nəfər həyatını itirdi
Yaponiyada son günlər təsirli olan güclü istilərin acı nəticələri bəlli olub.
Patrulaz.az Yaponiya Yanğın və Təbii Fəlakətlərin İdarəolunması Agentliyinin (FDMA) məlumatına istinadən xəbər verir ki, 16-22 iyun tarixləri arasında ölkənin 14 prefekturasında 18 nəfər günvurma səbəbindən həyatını itirib, 8 min 603 nəfər isə günvurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Agentliyin məlumatında 210 nəfərin vəziyyətinin ciddi olduğu, onların 3 həftədən artıq müddətdə xəstəxanada qalacağı, 3 min 32 nəfərin isə orta dərəcəli günvurma diaqnozu ilə qısa müddətli müalicəyə ehtiyacı olduğu bildirilir. Ən çox hadisə Tokyo (896 nəfər), Aichi (706 nəfər) və Saitama (648 nəfər) prefekturalarında qeydə alınıb.
Qeyd edilib ki, 65 yaş və üzəri şəxslər ümumi halların 61,8%-ni təşkil edir – bu da 5 min 316 nəfər deməkdir.
Yaponiya son günlərdə ölkənin müxtəlif bölgələrində müşahidə edilən ekstremal istilərin təsiri altındadır. 17 iyun tarixində ölkə üzrə 914 ölçmə nöqtəsinin 65-də temperatur 35 dərəcə və daha yüksək qeydə alınıb. 19 iyun tarixində isə Gifu prefekturasında 36,9°C, Gunma və Oita-da 36,7°C, Koçidə isə 36,5°C temperatur müşahidə olunub.
Mütəxəssislər iyun ayının sonuna qədər istiliklərin davam edəcəyini bildirərək, xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olanlar üçün günvurma riskinə qarşı diqqətli olmağı tövsiyə edirlər. Temperaturun bu tempdə davam etməsi halında daha ciddi sağlamlıq problemlərinin ortaya çıxacağı ehtimal edilir.
Gülbəniz Səfərova