İcazəsiz Həcc ziyarətinə cəhd edənlər cərimələnəcəklər
Səudiyyə Ərəbistanı Həcc vizası qaydalarını pozanlara ciddi cəza tətbiq edəcək.
Patrulaz.az “Al Arabiya”ya istinadən xəbər verir ki, Krallığın Həcc və Ümrə Nazirliyi icazəsiz şəkildə Həccə qatılanlara 100 min Səudiyyə rialına qədər cərimə və uzunmüddətli ölkəyə giriş qadağası tətbiq olunacağını açıqlayıb.
Nazirlikdən yayılan rəsmi açıqlamada bildirilir: “Qanunsuz Həcc ziyarətinə cəhd edənlər, həmçinin onları bu yolda dəstəkləyənlər, sığınacaq verənlər və ya gizlədənlər ciddi şəkildə cəzalandırılacaq. Cəzalar pozuntuların sayına görə artacaq və bəzi hallarda 10 ilə qədər Krallığa giriş qadağası tətbiq edilə bilər”.
Qeyd edək ki, bu il Həcc ziyarətinin iyunun 6-dan 11-dək keçirilməsi, Qurban bayramının isə ayın görünməsinə uyğun olaraq iyunun 8-dən başlaması gözlənilir.
Gülbəniz Səfərova