İngiltərə qadınlara arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib
İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA), arıqlama iynəsi istifadə edən qadınlara doğumdan qorunma həblərindən düzgün və effektiv istifadə etmələri ilə bağlı xəbərdarlıq edib.
Patrulaz.az-ın məlumatına görə, MHRA rəsmiləri bildirirlər ki, “Wegovy” və “Mounjaro” kimi dərmanların hamiləlik zamanı doğulmamış körpəyə zərər verib-vermədiyi hələ dəqiq bilinmir. Eyni zamanda, bu arıqlama iynələrinin artıq çəkili və ya piylənmədən əziyyət çəkən qadınlarda doğumdan qorunma həbinin təsirini azalda biləcəyi də qeyd olunur.
Arıqlama iynələrinin populyarlığı artdıqca, bu dərmanların qadınlar tərəfindən təhlükəsiz şəkildə istifadə olunmadığı və ya düzgün məsləhət verilmədiyinə dair narahatlıqlar artır. Bu dərmanların qusma, ishal kimi geniş yayılmış yan təsirləri və mədə boşalmasını ləngitmə xüsusiyyətinə görə doğumdan qorunma həbinin orqanizmə düzgün şəkildə sorulmayacağı ehtimal edilir.
Bu tövsiyələr dərmanlarla birlikdə verilən pasiyent məlumat broşürlərində yer alsa da, MHRA ayrıca öz təlimat sənədini dərc edib.
MHRA-nın dərman təhlükəsizliyi ilə bağlı məlumatına görə, qeyd olunan şəxslər bu arıqlama dərmanları istifadə olunmamalıdır:
-Hamilələr
-Hamilə qalmağa çalışan qadınlar
-Hamilə qalma ehtimalı olan və uyğun doğumdan qorunma metodundan istifadə etməyən qadınlar
Qurum bildirir ki, qadınlar bu dərmanlara başladıqda bu barədə düzgün məlumatlandırılmalıdır. Lakin bu mesajın hədəf kütləyə çatıb-çatmadığı ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Ləman Sərraf