NASA-dan xəbərdarlıq: Ayla toqquşacaq asteroid Yer üçün də təhlükə saçır
2024-cü ilin sonunda kəşf edilən və ilk mərhələdə Yerə çırpılacağı ehtimal edilən nəhəng YR4 asteroidi ilə bağlı yeni hesablamalar aparılıb.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, onmərtəbəli bina böyüklüyündə olan bu göy cismi artıq Aya doğru hərəkət edir və çırpılma ehtimalı getdikcə artır. NASA-nın son açıqlamasına görə, 2032-ci ildə baş verə biləcək bu toqquşmanın ehtimalı 4.3 faizə yüksəlib. Fevral ayında bu göstərici 1.7 faiz, aprel ayında isə 3.8 faiz idi.
Avstraliya Milli Universitetindən kosmoloq Bred Taker bildirir ki, “Təhlükə Yerdən Ay istiqamətinə keçib, amma bu, bizi maraqlandırmamalıdır demək deyil. 1-ə 25 kimi ciddi bir ehtimaldan danışırıq”.
Onun sözlərinə görə, çırpılma atom bombası effekti yarada bilər və yaranacaq meteor yağmurları Yer ətrafında yerləşən peykləri ciddi təhlükə altına sala bilər.
Belə bir hadisə internet bağlantılarından tutmuş naviqasiya sistemlərinə, maliyyə əməliyyatlarından hərbi infrastrukturadək bir çox həyati əhəmiyyətli sahələri iflic vəziyyətə sala bilər. Çünki toqquşma nəticəsində yaranacaq kosmik dağıntılar Yer ətrafındakı orbitdəki peyklərə ciddi zərər vurmaq potensialına malikdir. Hətta yeni bir “peyk dağıntıları halqası”nın yaranması riski də mövcuddur.
Günəş dinamikaları üzrə mütəxəssis Dr. Pol Viqert isə YR4-ün Aya çırpılması halında bunun son 5 min ilin ən böyük kosmik toqquşması olacağını vurğulayır. Bu nəhəng asteroid istənilən kosmik stansiyanı və ya iri peyki rahatlıqla məhv edə biləcək gücdədir.
Yeni tədqiqatlara görə, bu çırpılma yalnız Ayda deyil, həm də Yerdə ciddi təsirlər yarada bilər. Belə ki, formalaşa biləcək böyük miqdarda dağıntının Yer orbitinə çəkilərək peyklərə zərər vurma ehtimalını min dəfə artıracağı proqnozlaşdırılır. Rəsmilər isə hələlik panikaya əsas olmadığını, lakin prosesi diqqətlə izləməyin həyati önəm daşıdığını bildirirlər.
Ləman Sərraf