Qida zəhərlənmələri zamanı nə etməliyik? - Həkimdən TÖVSİYYƏLƏR
Ötən ay ölkəmizdə zəhərlənmə hallarında artım müşahidə olunub. Bu hallar arasında, xüsusilə dərman preparatlarından zəhərlənmə daha geniş yayılıb. Havanın temperaturu artdıqca isə, yay aylarında qida zəhərlənmələrinin də sayı artır.
Bəs zəhərlənmə necə baş verir? Onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Patrulaz.az-a açıqlama verən həkim-terapevt Taryel Eyvazov zəhərlənmənin növləri, yaranma səbəbləri və bu hallarda görülməsi vacib olan ilkin tədbirlər barədə məlumat verib.
Həkim bildirib ki, zəhərlənmə orqanizmə zərərli maddələrin daxil olması nəticəsində yaranır və bu halın müxtəlif növləri var:
“Yay mövsümünün gəlməsi ilə əlaqədar havaların istiləşməsi zəhərlənmə hallarının artmasına səbəb olur. Orqanizmə zəhərli və ya toksik maddə daxil olduqda müəyyən narahatlıqlar yaranır ki, bu da xəstəlik kimi qəbul olunur. Belə hallar adətən 5-6 saat ərzində özünü büruzə verir. Əgər daxil olan maddə ölümlə nəticələnirsə, bu artıq “zəhərlənmə” adlanır. Ən çox rast gəlinən hallar qida zəhərlənmələridir. Lakin bəzi ağır zəhərlənmələr metalların, kimyəvi maddələrin və botulizm xəstəliyinə səbəb olan konservləşdirilmiş qidalarda yaranan anaerob infeksiyaların təsiri ilə də baş verə bilər. Zəhərlənməyə səbəb olan maddələr əsasən mədə-bağırsaq yolu ilə orqanizmə daxil olur. Bəzi hallarda isə bu maddələr tənəffüs yolu, inyeksiya və ya dəri vasitəsilə də bədənə keçə bilər. Qida zəhərlənməsi zamanı ilkin əlamətlər adətən qarın ağrısı, qusma, ishal və ümumi halsızlıqla müşayiət olunur”.
Zəhərlənmə insan orqanizimində nələrə yol aça bilir?
T. Eyvazov bildirir ki, zəhərlənmənin insan orqanizmində yaratdığı fəsadlar müxtəlif ola bilər və bu, zəhərli maddənin bədənə hansı yolla daxil olmasından asılıdır. Məsələn, toksiki maddə tənəffüs, dəri, qida və ya dərman preparatları vasitəsilə orqanizmə keçə bilər:
“Zəhərlənmə zamanı sinir sistemindən əzələlərə ötürülən impulslar zəifləyir və ya tamamilə dayanır. Bu isə iflic, tənəffüs çatışmazlığı və bəzən ölümə qədər aparan ağır fəsadlara səbəb ola bilər. Bəzi hallarda bədən temperaturu yüksəlir, görmə qabiliyyəti pozulur və kəskin baş ağrıları yaranır. Orqanizm zəhərlənməyə qarşı müəyyən müdafiə reaksiyaları göstərir. Məsələn, qusma və ishal vasitəsilə toksiki maddəni bədəndən çıxarmağa çalışır. Lakin bu hər zəhərlənmədə baş verməyə bilər. Belə hallarda zərərli maddənin bədəndən çıxarılması üçün müdaxilə vacibdir.
Əgər toksiki maddə mədə-bağırsaq yolu ilə daxil olubsa, ilk növbədə həmin sistemin təmizlənməsi, yəni yuyulması tövsiyə olunur. Maddə tənəffüs yolu ilə daxil olubsa, zərərçəkən təmiz havaya çıxarılmalıdır. Dəri vasitəsilə daxil olarsa, dərhal ilıq su ilə yuyulmalıdır. Bundan sonra ilk günlərdə ağır qida qəbulu məsləhət görülmür”.
Zəhərlənmə zamanı qatıq yemək doğrudurmu?
Zəhərlənmələr zamanı bir çox insan ənənəvi üsullara, xüsusilə də qatıq qəbul etməyə üstünlük verir. El arasında geniş yayılmış bu üsulun zəhəri bədəndən çıxardığına inanılır. Ancaq həkim Taryel Eyvazovun fikrincə, son vaxtlar bununla bağlı fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə, qatıq zəhərlənmənim qarşısını almaq əvəzinə, əksinə onu artırır:
“El arasında zəhərlənmənin qarşısını almaq üçün ən çox istifadə edilən vasitələrdən biri də qatıqdır. Lakin son elmi araşdırmalara əsasən, qatığın bu sahədəki effektivliyi ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı yaranıb. Belə ki, zəhərlənmə zamanı orqanizmdə yaranan susuzluğu qatıq daha da artıra bilər”.
Qarpızdan zəhərlənmələrin səbəbi nədir?
Yay aylarında qidalar arasında, xüsusən də qarpızdan zəhərlənmələrin sayı xeyli artır. Terapevt qarpızdan istifadə edərkən diqqət yetirməli olduğumuz məqamları xüsusi olaraq qeyd etdi:
“Yay mövsümündə ən çox rast gəlinən zəhərlənmə halları qarpızın istifadəsi ilə bağlı olur. Lakin aparılan tədqiqatlara görə, zəhərlənməyə səbəb adətən qarpıza əlavə olunan kimyəvi maddələr deyil, sanitar-gigiyenik qaydalara əməl edilməməsidir. Belə ki, yuyulmadan kəsilən qarpızın üzərindəki mikroblar kəsici alət vasitəsilə meyvənin içinə keçir və nəticədə insan zəhərlənir. Qarpızın qabığında isti hava şəraitində mikrob çoxalması sürətlənir. Buna görə də kəsilməzdən əvvəl mütləq yuyulmalı və gigiyenik qaydalara əməl olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada hər gün təxminən 125 uşaq ev şəraitində istifadə olunan təmizləyici maddələr səbəbindən zəhərlənərək həyatını itirir. Bu fakt bir daha göstərir ki, toksiki maddələrin təhlükəsiz şəkildə saxlanması olduqca vacibdir, xüsusilə də uşaqların əli çatan yerlərdən uzaqda…
Ağır zəhərlənmə hallarında zərərçəkən dərhal xəstəxanaya çatdırılmalı və mütləq həkim nəzarətində olmalıdır. Özbaşına dərman preparatlarının qəbulu isə qəti şəkildə məsləhət görülmür və vəziyyəti daha da ağırlaşdıra bilər”.
Gülbəniz Səfərova