Peruda 3500 illik qədim şəhər tapıldı
Perunun şimalında yerləşən Barranka bölgəsində “Peniko” adlanan 3 500 illik qədim şəhər aşkar edilib.
Patrulaz.az Xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar bu yaşayış məntəqəsinin Sakit okeanı sahillərində yaşayan icmalarla And dağları və Amazon hövzəsindəki yerli tayfalar arasında önəmli bir ticarət mərkəzi olduğunu düşünürlər.
Peniko dəniz səviyyəsindən 600 metr yüksəklikdə, paytaxt Limadan təxminən 200 kilometr şimalda yerləşir. Şəhərin eramızdan əvvəl 1800–1500-cü illər arasında salındığı təxmin olunur. Bu dövr bəşəriyyətin ilk böyük sivilizasiyalarının – Mesopotamiya, Misir, Hindistan və Çin sivilizasiyalarının yüksəlişinə təsadüf edir.
Qədim şəhər Amerika qitəsinin ən qədim sivilizasiyası hesab olunan Keral şəhərindən cəmi bir neçə kilometr məsafədə yerləşir. Təxminən 5 000 il əvvəl Peru ərazisində inkişaf edən Keral mədəniyyəti öz nəhəng piramidaları, inkişaf etmiş əkinçilik sistemləri və şəhərsalma nümunələri ilə tanınır.
Arxeoloqlar 8 il davam edən qazıntılar nəticəsində Penikoda 18 müxtəlif tikilini gün üzünə çıxarıblar. Bunlara dini məbədlər, yaşayış kompleksləri və ictimai binalar daxildir. Şəhərin mərkəzində isə yamaclı terrasın üzərində inşa edilmiş dairəvi bir tikili xüsusi diqqət çəkir.
Qazıntılar zamanı gil heykəlciklər, insan və heyvan fiqurları, dəniz qabıqlarından hazırlanmış boyunbağılar kimi ayini əşyalar tapılıb. Bu tapıntılar Penikonun təkcə ticarət mərkəzi deyil, eyni zamanda dini və mədəniyyət baxımından əhəmiyyətli bir mərkəz olduğunu göstərir.
1990-cı illərdə Keral şəhərinin qazıntılarına rəhbərlik etmiş və Penikoda da araşdırmaları davam etdirən arxeoloq Dr. Rut Şadi bu kəşfin Keral sivilizasiyasının süqutundan sonra əhalinin hara köç etdiyini anlamaq baxımından mühüm olduğunu deyib. Onun sözlərinə görə, Peñiko “sahil, dağ və meşə icmaları ilə ticarət üçün strateji mövqedə” yerləşir.
Ləman Sərraf