Yaşından çox medalı var: 22 yaşlı paralimpiyaçının uğur hekayəsi
Qaziantepin Şehitkamil əyalətində yaşayan 22 yaşlı paralimpiya idmançısı Esra Nisa Özkılsız, 10 yaşında, fiziki məhdudiyyətli uşağı olan bir qadın idmançının tövsiyəsi ilə üzgüçülük idman növünə başlayıb.
Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşına qədər üzgüçülüyü sevə-sevə davam etdirən Esra qatıldığı yarışlarda böyük uğurlar qazanıb və bu müddət ərzində 90 medal əldə edib.
İki il əvvəl üzgüçülük məşqçisinin yönləndirməsi ilə ağırlıqqaldırmaya keçən Esra bədən quruluşunun bu idman növünə daha uyğun olduğunu görüb və qısa zamanda burada da özünü sübut etməyi bacarıb. İki il ərzində Türkiyə çempionluğu və ikinciliyi qazanan gənc idmançı, adından söz etdirməyə davam edir.
İndiyədək qatıldığı yarışların demək olar ki, hamısında uğur qazanan Esra Nisa Özkılsız üzgüçülükdə 90, halterdə isə 2 medal olmaqla ümumilikdə 92 medalın sahibidir. Hazırda o, Türkiyə Olimpiya Hazırlıq Mərkəzində (TOHM) fasiləsiz məşqlərini davam etdirir və daha böyük nailiyyətlərə hazırlaşır.
Keçən il Ankarada keçirilən Bədəncə Məhdudiyyətli İdmançılar üçün “Bench Press Para Powerlifting” Türkiyə Çempionatında böyüklər kateqoriyasında Türkiyə çempionu olan Esra, ötən həftə Kırıkkalede baş tutan Bədəncə Məhdudiyyətli Gənclər və Böyüklər Türkiyə Çempionatında isə 41 kiloqram çəki dərəcəsində 77 kiloqram ağırlıq qaldıraraq ölkə ikincisi olub.
Dostları tərəfindən “medal ovçusu” adlandırılan Esra Nisa Özkılsız, yalnız fiziki məhdudiyyətli şəxslərə deyil, həm də qız uşaqlarına ilham verməyi hədəfləyir. Uğurlarını Olimpiya medalı ilə taclandırmaq istəyən Esra Avropa və dünya çempionatlarından xallar toplayaraq Olimpiya Oyunlarına qatılmaq arzusundadır.
“Yaşımdan çox medalım var,” – deyən Esra Nisa Özkılsız ən böyük hədəfinin Olimpiya çempionluğu olduğunu bildirib.
Ləman Sərraf