Qrossi: "İran bir neçə aya nüvə proqramını bərpa edə bilər"
Beynəlxalq təzyiqlərə və son hava hücumlarına baxmayaraq, İranın nüvə proqramını qısa müddət ərzində yenidən aktivləşdirmək potensialı var.
Patrulaz.az xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə endirdiyi zərbələr ciddi infrastruktur itkilərinə səbəb olsa da, ölkə texniki və sənaye imkanlarını qoruyub saxlayır.
“İranın malik olduğu imkanlar var. Hesab edirəm ki, onlar bir neçə ay ərzində, bəlkə də daha qısa müddətdə uranı zənginləşdirən sentrifuqaları yenidən işə sala bilərlər”, – deyə Qrossi qeyd edib.
O, əlavə edib ki, zərbələrin miqyası tam qiymətləndirilməyib, hətta iranlıların özləri də dəqiq ziyan dərəcəsini hələlik bilmirlər.
MAQATE rəhbəri əlavə edib ki, İran nüvə texnologiyası sahəsində yüksək inkişaf səviyyəsinə malikdir və bu bilikləri yox etmək mümkün deyil.
Qeyd edək ki, ABŞ və İsrailin hava hücumları 12 gün davam edən İsrail-İran münaqişəsinin tərkib hissəsi olub. İran nüvə obyektlərinə girişə MAQATE müfəttişlərinə qadağa qoyub və agentliyi qərəzli hesabatlar hazırlamaqda ittiham edib. Qrossi isə bildirib ki, hesabatda təqdim olunan məlumatlar yeni deyil və bu münaqişənin əsasını təşkil etdiyini düşünmək əsassızdır.
Tehran isə nüvə proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu israrla bildirir və uranı mülki istifadə üçün zənginləşdirmək hüququnu qoruduğunu vurğulayır. ABŞ prezidenti Donald Tramp isə vurğulayıb ki, İran nüvə silahı əldə etməyə çalışarsa, növbəti hərbi cavab gecikməyəcək.
Gülbəniz Səfərova