“Rusiya hələ də terrorla cəmiyyətlər üzərində nüfuz qura biləcəyini düşünür” - DEPUTAT
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi, soydaşlarımızın öldürülməsi və bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanması heç bir halda cinayətkatlıqla mübarizə hesab oluna bilməz, əksinə bu əməllər özü dövlət strukturları tərəfindən törədilən cinayətdir.
Rusiya güc strukturlarının gecə vaxtı dinc insanları evindən aparıb öldürməsi, yaralaması 5 il əvvəl Ermənistanın gecə Gəncədə mülki sakinlərin yaşadığı binanı raket atəşinə tutması ilə mahiyyətcə eyni məzmuna gəlir. Bununla Rusiya göstərir ki, hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilməyib və təəssüf ki, hələ də terrorla cəmiyyətlər üzərində nüfuz qura biləcəyini düşünür”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Məlumdur ki, Azərbaycan Respublikasıbaşqa dövlətlərlə olduğu kimi Rusiya ilə də münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağa çalışmış və ümumbəşəri dəyərlərə sadiq olaraq Rusiya ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu etmişdir. Məhz bu niyyətə sadiq qalaraq Bakı çoxsaylı maraqlı tərəflərin olmasına baxmayaraq ən çətin dövrlərini yaşayan Rusiya əleyhinə hər hansı prosesdə iştirak etməmiş, ərazilərimizdən şimal qonşumuz əleyhinə istifadə edilməsinə imkan verməyib. Lakin qeyd edilənlər fonunda Rusiyanın davamlı şəkildə qonşuluq və dostluq münasibətlərinin ruhuna zidd davranması başadüşülən deyil və Moskva əmin ola bilər ki, bu cür barbar davranışla ən azı Cənubi Qafqazda öz maraqlarına zərbə vurur”,- deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, digər tərəfdən, şimal qonşumuz bu cür barbar davranışı ilə özünün beynəlxalq öhdəliklərinə sadiq olmadığını göstərir:
“Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə əsasən, Moskva iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliyini ifadə edib, Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməyi, eyni zamanda Bəyannamənin 40-cı maddəsində milli qanunvericilik çərçivəsində iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacağını öhdəsinə götürüb. Hətta sənəddə ifadə olunur ki, hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədilə iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmi yaradılır. Belə bir məqamda sual meydana çıxır, bu kimi öhdəliklərin, o cümlədən məsləhətləşmə mexanizminin mövcudluğu şəraitində Rusiya güc strukturlarının quldurcasına davranışının təməlində nə dayanır, yaxud Azərbaycan nə zaman Rusiya üçün müzakirə pəncərəsini bağlayıb? Biz həmişə dialoq üçün hazır olmuşuq və indiki məqamda Rusiyanın əgər “mövzusu” varsa, müzakirəyə yox, qaba üsula əl atması sadəcə dərin təəssüf doğurur. Baxmayaraq ki hazırda dünyada təkləndiyi bir situasiyada Rusiya tərəfi Cənubi Qafqazda özünün maraqlarını dövlət gücünü cılız məqsədlərə alət etməklə yox, yalnız praqmatik siyasət yürütməklə təmin edə bilər”.
Ləman Sərraf