media-aa1xu2yt_1750396099

Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Patrulaz.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski Rusiyanın bütün cəbhə xətti boyunca gündə təxminən 200 dəfə hücum təşkil etdiyini bildirib:

“Bu gün Ukrayna torpaqlarında 695 min rus əsgəri var”.

Ukrayna lideri müharibənin davam etdiyini və xüsusilə Sumı vilayətində intensiv toqquşmaların müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu bölgəyə edilən hücumların 23 %-i Rusiya ordusu tərəfindən həyata keçirilir və əsasən Şimali Koreya istehsalı olan raketlərdən istifadə olunur.

Zelenski əlavə edib ki, Rusiya hərbçiləri Sumı istiqamətində həftə ərzində cəmi 200 metr irəliləsələr də, Ukrayna ordusunun əks-hücumları nəticəsində 200-400 metr geri çəkiliblər.

Ukrayna dövlət başçısı həmçinin Dnepropetrovsk vilayətində də Rusiya qüvvələrinin müdafiə xəttini yarmağa cəhd göstərdiyini, lakin bu istiqamətdə heç bir irəliləyişə nail ola bilmədiklərini deyib.

O, Rusiyanın Sumı bölgəsinə Rusiya ərazisindən əlavə 52 min nəfərlik qüvvə ilə hücum etdiyini də bildirib.

Cəsəd mübadiləsi və Rusiya pasportları Zelenski iyunun 2-də İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilən hərbi və mülki cəsədlərin mübadiləsinə də toxunub. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qaytardığı cəsədlər arasında 20 rus əsgərinin meyiti olub:

“Bəzi cəsədlərdə hətta Rusiya pasportları var. Kimi göndərdiklərini belə idarə edə bilmirlər. Biz bütün əsgərlərimizin və qəhrəmanlarımızın cəsədlərini geri qaytarmaq istəyirik. Amma təkcə rəqəmlər xatirinə rus əsgərlərinin cəsədlərini qəbul etmək niyyətində deyilik”.

Danışıqlar və Rusiyanın məqsədi Zelenski Rusiyanın hazırda əsir mübadiləsi prosesini davam etdirdiyini, lakin rəhbərlik səviyyəsində danışıqlardan yayındığını bildirib:

“Əgər danışıqlar bir neçə dəfə də aparılsa, Rusiya bunu ABŞ-yə diplomatik prosesin davam etdiyi və sanksiyaların təxirə salınmalı olduğu mesajı vermək üçün istifadə edəcək. Mübadilələr aparılsa da, liderlik səviyyəsindəki danışıqlar onlara fayda vermədiyi üçün təxirə salınır”.

Ukraynanın hərbi texnologiyalar ixracı

Prezident həmçinin Ukraynanın hərbi texnologiyalarının Avropa ölkələrinə ixracına dair yay aylarında yeni müqavilələrin imzalanacağını bildirib:

“”Ukrayna ilə birlikdə qururuq” proqramı çərçivəsində pilotsuz uçuş aparatlarının və raketlərin istehsalının maliyyələşdirildiyi ölkələrdə istehsal xətlərinin açılması nəzərdə tutulur. Bu texnologiyaların ixracı üçün müqavilələr imzalanacaq”.

Zelenskinin sözlərinə görə, proqram çərçivəsində Ukrayna və müttəfiq ölkələr üçün İHA, raket və artilleriya sistemləri istehsal ediləcək və bu silahlar Ukrayna Silahlı Qüvvələrinə təqdim olunacaq.

Prezident həmçinin Ukraynanın Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, 2026-cı ildən etibarən müttəfiq ölkələri ümumi daxili məhsullarının 0,25 faizini Ukraynanın müdafiə sənayesinə yönəltməyə çağırıb.

“Bu il biz müdafiə sənayesi üçün 43 milyard dollar ayırmışıq”, – deyə Zelenski bəyan edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər