media-c723a672-cf11-4952-9843-e27268959433

Arıqlamağa çalışarkən səhər saatlarında etdiyiniz bəzi davranışlar nəticə əldə etməyinizə mane ola bilər – hətta qidalanmanıza ciddi şəkildə nəzarət etsəniz belə. Əgər doğrudan da bu yolda uğur qazanmaq istəyirsinizsə, bəzi səhər vərdişlərini tərk etməyiniz məsləhətdir.

Patrulaz.az “Cursorinfo”ya istinadən həmin vərdişləri sizə təqdim edir:

1. Səhər yeməyini buraxmaq — əsas səhv

Dietoloq Trista Bestin sözlərinə görə, bir çox insan vaxt qazanmaq və ya kalori qəbulunu azaltmaq üçün səhər yeməyindən imtina edir. Lakin bu, əks effekt verə bilər.
Səhər yeməyi buraxıldıqda orqanizm kifayət qədər enerji almır, maddələr mübadiləsi yavaşlayır və qanda şəkərin səviyyəsi dalğalanmağa başlayır. Bu da gün ərzində daha güclü aclıq hissinə və yeməyə qarşı hədsiz istəyə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, səhər yeməyindən imtina edən bədən bunu aclıq siqnalı kimi qəbul edir və nəticədə aclıq hormonunun — qrelinin səviyyəsi artır. Bu da axşama doğru artıq yemək riskini yüksəldir. Zülalla zəngin səhər yeməyi isə qandakı şəkərin səviyyəsini sabit saxlamağa və normal maddələr mübadiləsini qorumağa kömək edir.

2. Şirin səhər yeməkləri şəkərin sürətli artımına yol açır

Şirin yulaflar, bulka və şəkərli qəhvə kimi qidalar qan şəkərinin kəskin artmasına səbəb olur. Bu artımdan sonra isə sürətli eniş gəlir – halsızlıq və təkrar aclıq hissi yaranır.
Səhərlər mütəmadi olaraq şəkərli qidalara üstünlük vermək yalnız yuxu rejiminizə zərər vurmaqla qalmır, eyni zamanda çəki artımına da səbəb ola bilər. Bunun əvəzinə zülal, lif və sağlam yağlarla zəngin yeməklərə üstünlük vermək məsləhətdir — məsələn, tərəvəzli omlet, qozlu yunan yoqurtu və ya proteinli smuzi kimi.
Bu tip qidalar sizi daha uzun müddət tox saxlayır və qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır.

3. Acqarına qəhvə içmək iştahı artırır

Bir çox insan üçün səhər qəhvəsi dəyişməz bir ritualdır. Ancaq acqarına qəhvə içmək, xüsusilə çəkiyə nəzarət etməyə çalışanlar üçün düzgün seçim deyil.
Kofein mədəyə yemək olmadan daxil olduqda stres hormonu olan kortizolun ifrazını artırır. Bu da qan şəkərinin qeyri-sabit olmasına və qəfil aclıq hissinə yol açır. Uzun müddətdə isə xüsusilə qarın bölgəsində piy toplanmasına səbəb ola bilər.
Əgər qəhvədən imtina etmək istəmirsinizsə, onu zülallı bir səhər yeməyindən sonra içmək daha məqsədəuyğundur.

4. Səhər saatlarında kifayət qədər su içməmək

Gününə su ilə başlamaq sadə, amma təsirli bir vərdişdir. Susuzluq bəzən orqanizm tərəfindən aclıq siqnalı kimi qəbul edilir və bu, artıq yeməyə səbəb ola bilər.
Yuxudan oyandıqdan sonra bir stəkan su içmək bədəni oyadır, maddələr mübadiləsini sürətləndirir və gün ərzində artıq kalori qəbulunun qarşısını alır.

5. Səhər stressi – qarın piylərinin səbəbi

Günə tələsik və ya gərginliklə başlamaq kortizol səviyyəsini artırır. Bu hormonun yüksəkliyi isə qarın nahiyəsində piy toplanması ilə əlaqələndirilir. Xüsusilə də xroniki yuxusuzluq və daimi səhər tələsikliyi bu prosesi gücləndirə bilər.
Bunun qarşısını almaq üçün səhər rejiminizi mümkün qədər sakit və planlı təşkil edin. Hətta qısa bir nəfəs məşqi və ya qısa gəzinti belə stress səviyyəsini azalda bilər.

6. Diqqətsiz qidalanma artıq yeməyə gətirib çıxarır

Bir çox insan səhər yeməyini sosial şəbəkələrə baxaraq və ya xəbərlərə göz gəzdirərək yeyir. Bu isə toxluq hissinin beyin tərəfindən düzgün qeydə alınmamasına səbəb olur, nəticədə insan daha çox yeyir.
Yemək zamanı diqqəti yalnız qidaya yönəltmək, yavaş yemək və öz hisslərinizə qulaq asmaq həm artıq kalori qəbulunun qarşısını alır, həm də həzmi yaxşılaşdırır.

Ləman Sərraf


Bənzər xəbərlər