TikTok-da mübahisə: stüardessa sərnişindən toxuculuq şişlərini yığışdırmağı tələb etdi
Patrulaz.az “Unian”a istinadən xəbər verir ki, TikTok istifadəçiləri arasında maraqlı bir mübahisə alovlanıb. Səbəb isə bir stüardessanın sərnişinə uçuş zamanı toxuculuqla məşğul olmasına icazə verməməsidir.
Brittani adlı sərnişin sosial şəbəkədə paylaşdığı videoda başına gələn hadisəni danışıb. Onun sözlərinə görə, təyyarədə ip və şişlərini çıxarıb toxumağa başlayanda bələdçi qadın yaxınlaşıb və toxuculuqla məşğul olmasının mümkün olmadığını bildirib.
“Stüardessa məndən şişləri yığışdırmağımı istədi və əvvəlcə mənə belə bir sual verdi: ‘Fövqəladə bir vəziyyət olsa, bu şişləri əlimdə saxlamaq istədiyimə əminəmmi?”, — deyə Brittani bildirib.
Qısa videoda Brittani oturduğu yerdə, ayaqları altında qoyulmuş bel çantasını göstərir. Çantanın içindən isə toxuma ipi və şişlər görünür.
“Bu, mənim ilk təcrübəm idi. Uçuş zamanı corabı tamamlayacağıma ümid edirdim. Görünür, bir az gözləməli olacağam”, — deyə videoya yazıb.
Videodan sonra istifadəçilər şərhlərdə bu qərarın səbəbini soruşmağa başlayıblar. Bir çoxu təyyarədə potensial təhlükəli hesab oluna biləcək digər əşyaları sadalayaraq, qərarı haqlı saymadıqlarını bildirib.
“Əgər bu məntiqlə yanaşsaq, fövqəladə vəziyyət zamanı heç kimin əlində heç nə olmamalıdır”, — deyə bir izləyici narazılığını ifadə edib.
Ləman Sərraf