Zooparkda aslan uşağa hücum etmək istədi
Çində fəaliyyət göstərən zooparkda dəhşətli hadisə baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Liaoning vilayətinin Şenyang Zooparkında dişi aslan şüşə baryerin arxasında dayanan azyaşlı uşağa qəfil hücum etməyə çalışıb.
Hadisə zamanı çəkilmiş görüntülərdə azyaşlı bir uşağın maskası ilə birlikdə sevinclə baryerə yaxınlaşdığı görünür. Uşaq qorxu hiss etmədən şüşənin qarşısında oturaraq içəridəki aslanlara maraqla baxır. Bu anları uşağın anası mobil telefonla qeydə alır.
Elə həmin vaxt yerdə uzanmış vəziyyətdə olan dişi aslan qəfil sıçrayaraq şüşəyə tərəf atılır və geniş açılmış ağzı ilə uşağa hücum etməyə cəhd edir. Xoşbəxtlikdən, qalın şüşə baryer təhlükənin qarşısını alır. Maraqlıdır ki, uşaq hadisə zamanı sakitliyini qoruyur və qorxu əlaməti göstərmir.
Sosial şəbəkə istifadəçiləri hadisəyə müxtəlif reaksiyalar veriblər. Bəziləri şüşənin möhkəmliyini tərifləyib, digərləri isə aslanın hücum niyyəti olmadığını, sadəcə maraqlandığını bildirib. Bu hadisəyə zarafatyana yanaşanlar da olub. Belə ki, istifadəçilərdən biri hadisə barədə qeyd edib:
“Bəlkə də o, onu balası kimi götürmək istəyirdi”.
Bəzi izləyicilər uşağın anasının yalnız video çəkməklə kifayətlənməsini tənqid ediblər. Digər bir müzakirə isə heyvanların saxlandığı şəraitlə bağlı olub. Bir çox sosial media istifadəçisi zooparkdakı dar və təbii olmayan şəraitin vəhşi heyvanlar üçün uyğun olmadığını bildirib.
Ləman Sərraf