media-fbf2172a-f469-4428-a85a-33c8969a90e4

Kedicikləri ilə tanınan Adnan Oktar çirkli pulların yuyulması ittihamından bəraət alıb.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Türkiyədə mübahisəli fiqur kimi tanınan Adnan Oktar və onunla birlikdə mühakimə olunan 16 nəfər çirkli pulların yuyulması və dələduzluq ittihamları üzrə məhkəmədə bəraət qazanıb.

İstanbul Anadolu 1-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda Adnan Oktar və digər müttəhimlər haqqında hökm oxunub. Məhkəmə heyəti onlara qarşı irəli sürülən ittihamların qanunvericilikdə cinayət tərkibi daşımadığını əsas gətirərək, hər kəsin bəraətinə qərar verib.

Proses zamanı müdafiə çıxışı edən Adnan Oktar qadın hüquqları ilə bağlı fikirlər səsləndirib: “Gözəl qadınların hər gün öldürülməsinin qarşısını ala bilərəm. Mən göstərdim ki, dekolteli, rəqs edən, şən qadınlar da müsəlman ola bilər. Qadınların mənə olan sevgisi insanlarda qısqanclıq yaradırdı”, – deyə bildirib.

Qeyd edək ki, Adnan Oktar 2021-ci ildə qurduğu təşkilatla əlaqəli müxtəlif cinayət əməllərinə görə 8 min ildən çox həbs cəzasına məhkum edilmişdi. Hazırkı məhkəmə isə çirkli pulların yuyulması ittihamı ilə bağlı keçirilmişdi.

Xatırladaq ki, Türkiyədə illərdir səs-küylü çıxışları və qalmaqallı həyat tərzi ilə gündəmdə olan Adnan Oktarın ətrafında “kedicik” adlandırdığı qadınlar xüsusi diqqət çəkib. O, bu qadınları televiziya proqramlarında və ictimai tədbirlərdə yanında saxlayır, onlara “kediciklərim” deyə müraciət edirdi.

“Kedicik” termini Adnan Oktarın yaratdığı kult strukturunda xüsusi rol oynayan, xarici görünüşlərinə görə seçilən, makiyajlı və cazibədar geyimləri ilə diqqət çəkən qadınlara verilirdi. Onlar uzun illər efirə çıxaraq Oktara təriflər yağdırır, onu “əxlaqi və dini lider” kimi təqdim edirdilər.

Lakin bu görüntünün arxasında başqa bir reallığın olduğu sonradan üzə çıxdı. İllərlə Adnan Oktarın yaxın çevrəsində olmuş qadınlar sonradan məhkəmədə ifadə verərək, fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını, manipulyasiya və təzyiqlərlə həmin quruluşa cəlb olunduqlarını iddia etdilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər