ABŞ Ukraynaya silah göndərməyə hazırlaşır - Trampdan gözlənilməz addım
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya rekord sayda hava hücumu həyata keçirməsindən sonra Kiyevə silah göndərilməsi məsələsinə yenidən baxıldığını açıqlayıb.
Patrulaz.az Xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın son günlər Ukraynaya qarşı 550 PUA və raketlə həyata keçirdiyi genişmiqyaslı hücumdan sonra Vaşinqton bu ölkəyə hərbi yardım məsələsində əvvəlki mövqeyini dəyişdiyini, Tramp Ukraynaya yeni, əsasən müdafiə xarakterli silahların göndərilməsini planlaşdırır.
Silah tədarükü Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq ilə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında keçiriləcək görüşlərdən sonra bərpa oluna bilər. İlk görüş Romada, ikinci isə Kiyevdə baş tutacaq.
ABŞ hələlik konkret hansı silahların göndəriləcəyini açıqlamasa da, söhbət mühəndis texnikası və bəzi zirehli maşınlardan gedir. Tramp həmçinin Ukraynanın “Patriot” raketlərinə ehtiyac duyduğunu bildirib. Tramp, həmçinin Zelenskini ABŞ-nin bacardığı qədər yardım göstərəcəyinə inandırıb.
“Biz daha bir neçə silah göndərəcəyik. Bunu etməliyik. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlara indi çox ağır zərbələr endirilir. Biz daha çox silah göndərməli olacağıq, ilk növbədə müdafiə xarakterli silahlar”, – deyə Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyi zamanı çıxışında bildirib
Qeyd edək ki, bu açıqlama Trampın mövqeyində ciddi dəyişiklik deməkdir. O, daha əvvəl Ukraynaya yeni silahların göndərilməsinə ehtiyatla yanaşırdı.
Məlumata görə, keçən həftə Tramp Pentaqona ABŞ-nin sursat ehtiyatlarını qiymətləndirməyi tapşırmış, bunun əsasında Ukraynaya tədarük müvəqqəti dayandırılmışdı. Bu qərardan az sonra Rusiya kütləvi hava hücumu təşkil edib.
Tramp hücumun Vladimir Putinlə telefon danışığından bir neçə saat sonra baş verdiyini də xatırladaraq bildirib:
“Prezident Putindən qətiyyən razı deyiləm. Onun dayanmamasından məyus oldum”.