“Braziliya 2026 Dünya Çempionatına vəsiqə qazandı – Tarixi seriyasını davam etdirir”
Braziliya 2026 FIFA Dünya Çempionatının seçmə mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, “Sambacılar”, indiyədək təşkil olunan bütün dünya çempionatlarında iştirak edən yeganə ölkə olaraq qalır.
2026-cı il FIFA Dünya Çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsinin 16-cı turunda Braziliya millisi Paraqvay yığmasını qəbul edib. Görüşdə yeganə qolu 44-cü dəqiqədə Vinisius Junior vurub və Braziliya matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. Bu nəticə ilə xallarını 25-ə yüksəldən Braziliya, 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi final mərhələsinə qatılmaq hüququ əldə edib.
2024-2025 mövsümünün başa çatmasının ardından Real Madriddən ayrılan italiyalı baş məşqçi Karlo Ançelotti, Braziliya millisinin sükanı arxasında keçirdiyi 2 oyunda 4 xal qazanıb.
1930-cu ildən bu yana keçirilən 22 dünya çempionatının hamısında iştirak edən Braziliya, final mərhələlərində ən çox çıxış edən ölkə statusunu qoruyur. 2026 dünya çempionatının Cənubi Amerika seçmə mərhələsində Braziliya 16 oyunda 7 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətlə 3-cü pillədə qərarlaşıb. Qrupun lideri isə 35 xalla son dünya çempionu Argentinadır.
Braziliya millisi 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya çempionatının qalibi olub və bu titulları muzeyinə aparıb.
Ləman Sərraf