Gənc aparıcı evində ölü tapıldı
Pakistanın “Tamasha Ghar” adlı realiti şousu ilə tanınan 32 yaşlı aktrisa və model Humaira Asghar Karaçi şəhərindəki evində ölü tapılıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, gənc qadının meyiti polis əməkdaşlarının mənzilə daxil olmasından tam 20 gün sonra aşkarlanıb.
Hadisə Humairanın kirayə borcu səbəbilə ev sahibinin məhkəməyə müraciət etməsi ilə üzə çıxıb. Məhkəmənin mənzilin boşaldılması barədə qərarından sonra polis qapını sındıraraq içəri daxil olub və ərazidə çürümüş meyit tapılıb. Araşdırmalar nəticəsində meyitin Humairaya məxsus olduğu müəyyən edilib.
İlkin araşdırmalara əsasən, evə zorla girilmə izinə rast gəlinməyib. Bu səbəbdən polis cinayət ehtimalının zəif olduğunu bildirib. Onun ölüm səbəbi isə hələlik məlum deyil.
Qeyd edək ki, Humaira Asghar Pakistanın məşhur realiti şoularından olan “Tamasha Ghar” ilə tanınıb, bir neçə filmə çəkilib. Modelliklə məşğul olan gənc qız gözəllik yarışlarında da müxtəlif nəticələr əldə edib. Onun uzun müddətdir tək yaşadığı və sosial çevrəsi ilə az əlaqə saxladığı da məlum olub.
Hadisə ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Sosial mediada bir çox istifadəçi Humairanın qəfil və tək ölümü ilə bağlı başsağlığı mesajları paylaşıb.
Ləman Sərraf